• 23 Noyabr 2024 00:20

Cəmilə Ələkbərova erməni jurnalistə: “Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” – VİDEO

 

“Azərbaycan daim humanitar şüarlarla çıxış edir. Mən xatırlamıram ki, bizim ölkədən kimsə açıq şəkildə sülh müqaviləsinin imzalanmasına etiraz etsin, təəssüf ki, qonşularımız haqqında bunu demək çətindir. Bu səbəbdən də Azərbaycanın Ermənistan tərəfinə inamı yoxdur. Əgər biz mütəmadi olaraq xəbərlərdə İrəvanda insanların sülhə etiraz etdiyini görürüksə, Ermənistandan gələn hər hansı təşəbbüsdən necə danışmaq olar?”

Bunu CBC telekanalının efirində Bakı-İrəvan formatında dördüncü telekörpü zamanı Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova deyib.

O, Ermənistandan olan jurnalistin Azərbaycanın guya Laçın yolunu “bağlamaq”la bağlı ittihamlarını da təkzib edib.

“Blokada yolun hər iki tərəfdən bağlanmasıdır. İndiki halda həm Rusiya sülhməramlılarının, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları Laçın yolunda sərbəst hərəkət edirdi. Hazırda ermənilər sakit şəkildə sərhəd-keçid məntəqəsindən keçirlər”, – deyə Cəmilə Ələkbərova bildirib.
Erməni jurnalistin sülh müqaviləsi ilə bağlı açıqlamalarına münasibət bildirən Cəmilə Ələkbərova qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın fikrincə, Azərbaycanın təklif etdiyi beş bənd Ermənistan tərəfi üçün məqbuldur.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin son görüşündən əvvəl Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, – Cəmilə Ələkbərova bildirib.

Oxşar xəbərlər