• 25 Sentyabr 2024 10:31

Süni mayalanma Allahın işinə müdaxilədir? – İlahiyyatçıdan Novruzova cavab

 

“Dini kəbinləri olan, hüquqi baxımdan da ər-arvad hesab olunan cütlüklərin normal yolla övladlarının olması mümkün deyilsə, din (Nur surəsi 32-ci ayə) və tibb istənilən mümkün vasitələrlə övladın olmasını insanlara icazəli bilir”.

Bu sözləri ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib. Süni mayalanmanı “elmin tərəqqisi” adlandıran Hacı Təyyar sözlərinə belə davam edib:

“Qurani-Kərimdə birinci göstəriş “oxu”dur. Oxumaq elm və elmin nailiyyətlərindən əldə olunan hazırkı sivil insanların bugünkü kəşfləri islamın, mənəviyyətın uğurudur. Çünki mənəviyyatın başında elm durur. Əgər süni mayalanma da mümkündürsə, məhrəm cütlüklərdə övladın olması ilə bağlı nəyisə hansısa formada yarada bilirsə, bu, Allah-taalanın işinə qarışmaq demək deyil. Bu gün kəbin kəsdirən 10 cütlükdən az qala yarısı illərlə övlad problemi yaşayır. Millət vəkilimiz deyirsə ki, süni mayalanma Allahın işinə qarışmaqdır, bilsin ki, bu, qətiyyən belə deyil. İslam dini deyir ki, valideyn olmaq dini, milli, hüquqi ər-arvad hesab olunan cütlüklərin haqqıdır”.

 

O sual edib ki, bu məntiqlə qeysəriyyə üsulu ilə də dünyaya uşaq gətirmək də Allahın işinə qarışmaqdır: “Axı bir canı xilas etmək, yaxşı əməldir”.

Hacı Təyyar valideyn olmaq üçün müraciət edilən alternativ yolların dinimizə uyğun olmayanlarından da söz açıb:

“Birmənalı milli, dini hər baxımdan Azərbaycan cəmiyyəti üçün surroqat ana və donor embriondan kimisə ana etmək qeyri-müsəlman ölkələrdə yayılan və bizə uyğun olmayan tör-töküntü məsələlərdir”,-deyə o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər