• 21 Sentyabr 2024 09:46

“Çörəkpulu”nun kəsilməsi məntiqli qərardır” – Fərqli reaksiyalar

 

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkün vətəndaşlara vahid aylıq müavinətin verilməsi dayandırıldığını açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bu qərar vətəndaşlar arasında birmənalı qaşlıanmayıb.

Qərarı doğru hesab edənlərlə yanaşı, əksini düşünənlər də olub.

Bəzi sosial şəbəkə istifadəçiləri aylıq müavinətlərin dayandırılmasından sonra məbləğin “uşaqpulu” üçün sərf edilməsini təklif edib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Aqil Abbas qərarı “haqsızlıq” adlandırıb. Bununla belə o, vəsaitin uşaqpuluna ayrılması təklifinin reallaşacağını düşünmür:

“Məcburi köçkünlər öz evlərinə gedənə qədər “çörəkpulu” almalıdırlar. İndi bir qaçqın gedib haradasa işləyirsə, fəhləlik edirsə, VÖEN açıb taksi sürücüsü fəaliyyəti ilə məşğul olursa, onun “çörəkpulu”nu kəsmək düz deyil. Haqsızlıqdır. Onun ailəsi var”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə Ölkə.Az-a açıqlamasında qərarı məntiqli hesab etdiyini bildirib:

“Dövlət büdcəsindən ayrılan vəsaitlərin məntiqli xərclənməsinə sözsüz ki, ölkənin xəzinədarlıq sisteminə cavabdeh olan məmurlar hər zaman ciddi nəzarət edirlər.

Qərbi Azərbaycandan və Qarabağın müxtəlif rayonlarından bizim milyona yaxın qaçqın və məcburi köçkünlərimiz var. Dövlət indiyə qədər 30 il ərzində onları müxtəlif formada – həm “çörəkpulu”, həm humanitar yardım, həm vergilərin tutulmaması, hətta uşaqlarının ali məktəbdə pulsuz oxumasını təmin edirdi. İndi vəziyyət yavaş-yavaş dəyişib. Artıq Qarabağ geri qaytarılıb, ərazi bütövlüyümüz bərpa olunub.

Doğrudan da VÖEN-i olan, vergi verən, Azərbaycanın müxtəlif yerlərində villaları olan şəxslərə 20-30-50 manat çörəkpulunun verilməsi də məntiqli görünmür.

Ümumiyyətlə, insanlarımız pensiya, yardım və s. formada dövlət büdcəsindən nə isə qoparmağı özlərinə rəva bilməməli, ayıb saymalıdırlar. Əksinə, onlar dövlətdən tələb etməlidirlər ki, büdcə elə bir şərait yaratsın ki, insanlar iqtisadi cəhətdən  özlərini təmin edə bilsinlər.

Bu baxımdan da məmurların bu təklifi məntiqlidir. Müəyyən həssas qrupun maddi vəziyyəti düzələn kimi ona verilən güzəştlərin ləğv edilməsi dünya təcrübəsində də var”.

Azərbaycanda insanların əksəriyyətinin dövlətin iqtisadi nəzarəti altında olduğunu deyən yazarın fikrincə, həmin müavinətlər əvəzinə məcburi köçkünlər Qarabağda dirçəliş proqramına cəlb edilməlidir:

“Kimsə köçüb Qarabağa getmək istəmirsə, onların da müavinətinin kəsilməsinə normal baxılmalıdır. Bundan incimək, küsmək, skandal yaratmaq lazım deyil. Əksinə, biz insanları tənbəlləşmədən qurtarmalıyıq. İnsanlar yeni formatlar yaradaraq həm ailəsini, həm də dövlət büdcəsini yeni maliyyə imkanları ilə təmin etməyi anlamalıdırlar.

Belə getsə, bir gün ayılacağıq və görəcəyik ki, biz iqtisadi cəhətdən müflis olmuş bir dövlətin vətəndaşlarıyıq.

Ona görə də düşünürəm ki, məcburi köçkünlərin əsas dərdi torpaqların geri qaytarılması idi. Dövlət bunu təmin etdi və dövlətin atdığı hər hansı bir addımdan incimək lazım deyil. Əksinə, indi hamı dövlət büdcəsini gücləndirib Qarabağın dirçəldilməsinə öz töhvələrini verməlidir. Eybi yox, qoy 50 manat çörəkpulumuz olmasın, amma çiçəklənmiş bir vətənimiz, gələcək nəsillər üçün iqtisadi cəhətdən qüdrətli Azərbaycanımız olsun”.

Tacxeber.com

Oxşar xəbərlər