Bakıda dünya çempionu həbs edildi
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.
Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.