Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin fikrincə, valideynləri ali təhsilli olan abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərir.
“29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar”, – deyə DİM rəhbəri bu yaxınlarda keçirilən tədbirdə bildirib.
“Bacarıqları ölçmək üçüm müəyyən alətlər var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlar üçün xüsusi dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir”, – Məleykə Abbaszadə çıxışına əlavə edib.
Onun fikirləri sosial şəbəkələrdə maraqlı müzakirələrə yol açıb. Bəzi vətəndaşlar DİM rəhbərinin dedikləri ilə razılaşmayaraq, valideyni ali təhsilli olmayan gənclərin də yüksək bal topladıqlarını söyləyiblər.
Mövzu ilə bağlı Modern.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, ailənin təhsilli olmasının övladın uğurlarında böyük rolu var və bu, danılmaz faktdır.
Onun sözlərinə görə, qeyd olunan fakt təhsilli olmayan ailələrdən istedadlı insanların çıxa bilməyəcəyi mənasına gəlməməlidir.
“Çoxsaylı misal gətirmək olar ki, dünyanın tanınmış elm adamlarının, alimlərin, şəxsiyyətlərin bəzilərinin uşaq vaxtından atası, anası olmayıb, yaxud valideynləri təhsilli olmayıb. Bu istiqamətdə qəti fikir söyləməkdə bir az ehtiyyatlı olmaq lazımdır. Mən onlarla misal gətirə bilərəm ki, dünyanın ən yüksək səviyyəli alimlərinin, Nobel mükafatçılarının savadlı ailələri olmayıb, ancaq zirvəyə çata biliblər”, – deyə sabiq nazir DİM rəhbərinin çıxışına münasibət bildirib.