• 23 Noyabr 2024 04:11

“Qadını əvvəl düşüncəsində öldürür, sonra bıçağa əl atır”

 

Azərbaycanda son illərdə qadın qətllərinin sayı durmadan artır. Cinayətlərin əksəriyyəti demək olar ki, şəxsi münasibətlər, qısqanclıq və mübahisə zəminində törədilir.

Cəmiyyətimizdə qadın qətlləri ilə bağlı müzakirələr artsa da, bənzər halların son dövrlər tez-tez təkrarlanması narahatlıq üçün əsas yaradır.

Bəs görəsən, sonu qətlə aparacaq dərəcədə qısqanclıq nədən qaynaqlanır? Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış psixoloq Samirə Bağırova danışıb. Onun sözlərinə görə, az və ya çox olmasından asılı olmayaraq, qısqanclıq xəstəlik əlamətidir:

“Qısqanclığın azı ya çoxu fərq etmir, birmənalı şəkildə xəstəlik əlamətidir. Baxmayaraq ki, 21-ci əsrdəyik, hər gün demək olar ki, yeni bir şeylər kəşf olunan dövrdə yaşasaq da, hələ də qısqanclığı sevginin göstəricisi kimi düşünənlər var. Sevirsə, qısqanır, döyürsə, qısqanır kimi düşünənlər kifayət qədərdir. Hətta qısqanc olmayan həyat yoldaşından şikayət edənlər də var.

Ümumiyyətlə, qısqanc insanı seçib münasibətə girmək, ya ailə qurmaq o deməkdir ki, hər iki tərəfin psixoloji problemi var. Və əslində dərin psixoloji problem kimi göstərilən bu məsələyə hər kəs o qədər adi yanaşır ki, zamanla bu cür ailə faciələri ilə nəticələnməsinə səbəb olur”.

Psixoloq qeyd edib ki, burada sosial şəbəkələri “günah keçisi” elan etmək heç də düzgün yanaşma deyil:

“Məsələ nə sosial şəbəkədə, nə qeyri bir səbəbdədir. Problem insanların özündədir. Çünki digər psixoloji pozğunluqlardan geniş danışılsa da, ən təhlükəli olan qısqanclıq psixi pozğunluğunun üstündən ötüb keçilir. Düşünün ki, qısqanc adam sadəcə gizli formada ruhi xəstədir. Və münasibət üçün ruhi xəstə seçirsənsə, demək ki, hər iki tərəf psixi problemlidir. Sosial şəbəkə insanların sadəcə gizli tərəfini açdı. İndi də yeni söz dəbdədir, nə olursa, hər mövzuda günahkar sosial şəbəkə görülür. İnsanlar bu şəkildə səhvi üzərlərindən atırlar. Sosial şəbəkə bir güzgüdür, hər şeyi göstərir və təsir gücü insanın xislətinə görədir”.

S.Bağırova bu cür qətllərin anidən baş vermədiyini vurğulayıb:

“Ailə içində, ümumiyyətlə, qətl baş verəndə bu ani şəkildə baş vermir. Qatil bir neçə dəfə xanımını düşüncəsində xəyal gücü ilə qətlə yetirir, sonra bıçağa əl ataarq reallaşdırır. Qısqanclıq deyilən xəstəliyin sonu budur. Kontrolda saxlayan az göstərir, saxlaya bilməyən isə faciə törədir.

Qısqanclıq zəmnində törədilən qətl o qədər adiləşib ki, bu şəkildə duyğusuzlaşma inkişaf edir. Müasirliyə gəlincə isə müasir olmaq pis bir şey deyil. Öz dövrünə uyğun olan, öz zamanının, əsrinin tələblərinə cavab verən deməkdir. Kimisi düşüncə yanaşması ilə, kimisi tərzi ilə uyğunlaşır kimisi ümumiyyətlə, uyğunlaşmır. Uyğunlaşma olmadıqda iki insan arasında problem yaranır. Hər bir insan özü öz həyat hekayəsini yazır”.

Tacxeber.com

Oxşar xəbərlər