• 23 Noyabr 2024 04:49

Söyüdlüdə neçə nəfər həbs edilib?

Söyüdlüdə neçə nəfər həbs edilib?

İyunun 20-də baş vermiş etiraz aksiyasından sonrakı günlərdə Söyüdlü kəndində yerli sakinlər arasında həbslər davam edib.

Yerli KİV və sosial şəbəkələrdəki məlumatlara görə, etiraz aksiyası iştirakçılarının plakatları və bannerlərinin hazırlandığı poliqrafiya müəssisəsinin sahibi Qabil İsmayılov cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda qanunsuz narkotik maddə alveri) ittiham irəli sürülüb.

Həmçinin Whatsapp-da Söyüdlü sakinlərinin qrupunu yaradan Etibar Cabbarov həbs edilib. Qrupa 405 istifadəçi daxil olub. Cabbarov hadisələr ərəfəsində Söyüdlüyə hüzr yerinə gəlib, yerli sakinlər deyirlər.

4 gün öncə kənd sakini Şöhrət Əsgərov saxlanılıb. Yaxınlarının sözlərinə görə, Əsgərov uşağa dərman almaq üçün evdən çıxıb və geri qayıtmayıb.

Gədəbəy polisindən ailəsinə deyiblər ki, Əsgərovu Bakıya göndəriblər, lakin onun hansı idarədə saxlanıldığını söyləməyiblər.

Sosial şəbəkələrdəki məlumatlara görə, saxlanılanların sayı  daha çoxdur. Ancaq həmin şəxslərin adları açıqlanmır.

Daxili İşlər Nazirliyi həbslər barədə heç bir məlumat vermir və saxlanılanlarla bağlı KİV-də yayılan xəbərləri şərh etmir.

İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı sərt şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.

Tacxeber.com

Oxşar xəbərlər