“Priqojin tərəfindən hakimiyyətin uğurla ələ keçirilməsi ən pis ssenari olardı…”
“Rusiyaya dost olan qonşuları Hindistan və Çin, habelə Qərb və Şərq ölkələri Kremldə mümkün hakimiyyət dəyişikliyinə indidən hazırlıq görməlidir…”
London hesab edir ki, “Vaqner qrupu” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyanından sonra Birləşmiş Krallıq Rusiyanın “qəflətən parçalanmasına” hazırlaşmalıdır.
Bu barədə Britaniyanın “The Times” qəzeti Böyük Britaniya hökumətindəki mənbəyə istindən yazıb.
Nəşr qeyd edir ki, Putinin hələ tammiqyaslı müharibəsinin başlanğıcında Britaniya güman edib ki, üzdəniraq “xüsusi hərbi əməliyyat” Rusiya üçün ölkə daxilində qeyri-sabitliklə sonuclana bilər.
Lakin Priqojinin “Moskvaya yürüşü” və onun baş vermə sürəti Londonu artıq indidən Rusiynın iflasa uğrayacağı halda hərəkət planını hazırlamağa sövq edib.
“Biz gözləməli və bundan sonra nələrin olacağına baxmalıyıq. Bu, nəsə yeni bir şeyin yalnız birinci fəsli ola bilər”, – qəzetin həmsöhbəti qeyd edib.
Birləşmiş Krallıq Xəzinədarığının baş katibi Con Qlen bəyan edib ki, Rusiyadakı hadisələr onun daxili işidir”.
Eyni zamanda, Britaniyanın Moskvadakı sabiq hərbi attaşesi Con Forman əmin edib ki, Priqojin tərəfindən hakimiyyətin uğurla ələ keçirilməsi “ən pis ssenari” ola bilərdi. O, “Vaqner qrupu” başçısını “faşist” adlandırıb və onun barəsində illüziyalara qapılmağa dəymədiyini söyləyib.
“Biz düşünürdük ki, hər şey tədricən baş verəcək. “Moskvaya gözlənilməz yürüşdən söhbət getməyib”, – o, deyib və əlavə edib ki, Qərb diplomatları hadisələrin inkişaf tempindən çaşqınlıq keçirib.
Lakin nəşrin digər həmsöhbətləri belə fikir söyləyib ki, əgər Putin indiyədək öz postunu qoruyub saxlaya bilibsə, bunu lazımınca dəyərləndirmək gərəkdir.
Xatırladaq ki, dünən “musiqiçilərin” qiyamı haqqında Ukrayna prezidenti Vladimir Zelenski fikir bildirib.
“Bu gün dünya gördü ki, Rusiyanın sahibləri heç nəyə, ümumiyyətlə, heç nəyə nəzarət etmir. Sadəcə, tam xaosdur,
tamamilə proqnozlaşdırılmayan vəziyyətdir. Və bunlar başdan ayağa silahla dolu Rusiya ərazisində baş verir”, – Zelenski deyib.
Hərbi icmalçı Aleksey Arestoviç əmin edib ki, Rusiyanın dostcasına qonşuları olan Hindistan və Çin kifayət qədər şübhəli imicə malik olan Priqojinin Kremldə hakimiyyəti ələ keçirəcəyi tədqirdə onun kimyəvi, bioloji və həmçinin nüvə silahına çıxış əldə edə biləcəyindən əndişələnib.
O, belə proqnoz verib ki, indi Hindistan, Çin, həmçinin Qərb və Şərq ölkələri Rusiyada yenidən hərbi qiyamın baş verəcəyi və nəticədə Kremldə hakimiyyətin ələ keçiriləcəyi təqdirdə hərəkət planının işləyib hazırlanması ilə məşğul olacaqlar. Nəşrin məqaləsindən göründüyü kimi, Arestoviç öz proqnozlarında yanılmayıb. (Moderator.az)