1941-ci ilin aprelin 6-da nasist Almaniyası Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başladı. 28 yaşlı hauptşturmfürer (kapitan) Frits Klingenberq “Das Reich” diviziyasında rota komandiri idi.
O, dəstəsinin başında alman qoşunlarından öndə hərəkət edərək kəşfiyyat aparır, yolların, körpülərin vəziyyəti barədə məlumat toplayırdı. Beləcə, aprelin 12-də Belqrad ətarafına gəlib çıxdı. Burada Dunay üzərindən keçən körpülər partladılmışdı. Almanlar üçün aprel ayında bolsulu çayı keçmək və Yuqoslaviya paytaxtını tutmaq asan olmayacaqdı. Bu zaman kapitanın əsgərləri kiçik bir motorlu qayıq tapırlar.
Klingenberq yeganə qayığın vasitəsilə dəstəsini hissə-hissə qarşı sahilə keçirməyi düşünür. Əvvəlcə özü 8 nəfərlə keçir. Amma qayığı iki nəfərlə geri göndərmək cəhdi uğursuz olur, qayıq çevrilir.
Cəmi 6 nəfərlik qüvvə ilə qalan kapitan ruhdan düşmür, Belqrada tərəf irəliləyir. Bir qədər getdikdən sonra onlar alman turistini tutaraq incidən yuqoslav əsgərlərlə qarşılaşırlar. Bu tezliklə almanlarla rastlaşmağı gözləməyən yuqoslavlar üstlərinə qışqıran kimi təslim olurlar. Turisti də özləri ilə götürən dəstə Belqrada tərəf getməkdə davam edir. Yolboyu bir-iki atışmaya məruz qalsalar da, heç bir xəsarət almırlar.
Şəhərə daxil olan almanlar bəzi versiyalara görə, Almaniya səfirliyi üzərində, başqa versiyaya görə Belqradın mərkəzində alman bayrağını qaldırırlar. Düşmənin paytaxta daxil olması xəbəri hər tərəfə yayılır. Mer həyəcanlı halda Klingenberqin yanına gəlir. Kapitan blef edərək bildirir ki, alman tankları artıq şəhərin ətrafındadırlar, əgər kapitulyasiya olmasa, hücum başlayacaq, aviasiya və artilleriya şəhəri dağıdacaq. Artıq bir neçə gün ərzində aviasiya hücumuna məruz qalan Belqradın meri təslim olmağa razılıq verir. Beləcə, kapitan Klingenberq 6 əsgər və 1 turistlə Avropanın ən böyük şəhərlərindən birini təslim aldı.
Belqrad olayına görə cəngavər xaçına layiq görülən Frits Klingenberq 1945-ci il martın 23-də amerikalılarla döyüşdə həlak oldu. Bu zaman o, artıq ştandartenfürer (polkovnik) idi.
Yuqoslaviya qısa müddətdə işğal olunsa da, sonradan Avropada ən böyük partizan hərəkatının məskəni oldu. Yuqoslavlar Almaniya üzərində qələbəyə ciddi töhfə verdilər və əslində, qalib dövlətlər sırasında yer almağı Fransadan çox haqq edirdilər.