• 23 Noyabr 2024 02:44

“Məndən qətiyyən qəhrəman obrazı yaratmayın” – Lukaşenko

Belarus hakimi Aleksandr Lukaşenko qiyamçı muzdluların Moskvaya yürüşü zamanı Kreml rəhbəri Vladimir Putin və “Vaqner qrupu” özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojinlə danışıqları barədə açıqlama verib. 

Tacxeber.com xəbər verir ki, bu barədə o, hüquq-mühafizə və hərbi qurumların rəhbərləri ilə görüşündə bəyan edib. Məlumatı “mk.ru” nəşri yayıb.

Lukaşenkonun sözlərindən belə çıxır ki, o, Rusiyada vəziyyətin nəzarətdən çıxdığını etiraf edib.

“Mən dedim ki, heç bir halda nə məndən, nə Putindən qəhrəman obrazını yaratmayın, çünki biz vəziyyəti nəzarətdən buraxmışıq, sonra da düşünmüşük ki, hər şey qaydasına düşəcək, amma düşməyib. Və cəbhədə döyüşən iki nəfər toqquşub. Bu işdə qəhrəmanlar yoxdur”, – “Pul Pervoqo” Teleqram-kanalı Lukaşenkonun sözlərindən iqtibas gətirib.

Lukaşenko həmçinin qlobal münaqişə və Qərbin “regionda partlayış” törətmək cəhdləri barədə bəyan edib.

“Ən dəhşətlisi odur ki, qarışıqlıq olacağı təqdirdə Qərb bundan dərhal yararlanacaqdı. Əgər Rusiya çökərsə, biz onun dağıntılarının altında qalıb məhv olacağıq”, – Lukaşenko əmin edib.

“Bu gün biz NATO-nun genişlənməsinin yeni dalğasını və Alyansın üzv ölkələrinin sərhədlərimizin yaxınlığında potensialının misli görünməmiş artırılmasını görürük. Bir-birinin ardınca güc nümayişini görürük. Biz torpağımız üzərində yenidən dolaşan təhlükədən daha güclü olmalıyıq”, – Belarus hakimi əlavə edib.

Xatırladaq ki, Putin dünənki çıxışında Belarus hakiminə Priqojinlə münaqişənin nizamlanmasında yardımına görə minnətdarlıq edib. Və aydın olub ki, Kreml rəhbərinin bu minnətdarlığı pul elvivalentinə bərabərdir.

“Vladimir Putin “Qazprom”la 2031-ci ilədək uzunmüddətli müqavilə çərçivəsində Belarusa verilən qazın dünyada üçüncü ölkələrə tədarük edilən ən aşağı qiymətə malik olacağı barədə qərar verib”, – bunu Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy elan edib.

Əlavə edək ki, Priqojinin başçılığı ilə hərbi qiyam zamanı Qərb liderləri Lukaşenkonun dediklərinin tam əksinə olan davranış sərgiləyib. Onlar Ukraynadan Rusiya ərazisinə zərbələr endirməməyi və “orada vəziyyəti daha da gərginləşdirməməyi” xahiş edib.

Tacxeber.com

Oxşar xəbərlər