• 23 Noyabr 2024 04:04

Priqojinin geri çəkilməsinin arxasında Ərdoğan var? – Şok iddia

Priqojinin geri çəkilməsinin arxasında Ərdoğan var? – Şok iddia

“Priqojinin silahlı qiyamı Rusiyadakı daxili parçalanmanı sürətləndirəcək”. 

Bu sözləri Cebhe.info-ya açıqlama verən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov deyib. O bildirib ki, üsyan basdırılsa da, Putin hakimiyyətinin zəifləməyə doğru getdiyi görünür:

“Ümumiyyətlə, Vladimir Putinin ölkədə əvvəlki nüfuzu yoxdur. Priqojinin dəstəsinə qoşulan hərbçilərinin sayının çox olduğunu da nəzərə almaq lazımdır. Bəlkə də bir neçə saat keçsəydi, o üsyan daha genişmiqyaslı qiyama çevrilə və hətta böyük vətəndaş müharibəsinə dönə bilərdi. Yəni belə bir ehtimal da var idi. Düzdür, hələlik nisbi bir sabitlik yaradıblar. Amma indiki vəziyyətdə Rusiyada mərkəzdənqaçma meyilləri güclənə və hakimiyyətdaxili çəkişmələr də arta bilər”.

Politoloqun fikrincə, Priqojinin geri çəkilməsində Türkiyənin də rolu olub:

“Hesab edirəm ki, burada Türkiyənin də rolu oldu. Düzdür, Aleksandr Lukaşenkonun adı çəkilir, amma Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı telefon danışığından sonra Hakan Fidan və Yevgeni Priqojin arasında da danışıq olduğunu ehtimal edirəm. Yəni Priqojin özbaşına geri çəkilmədi, orada Türkiyənin də ultimatumu var. Əslində, bu, Priqojinə mesaj idi. Əgər geri çəkilməsəydi, Türkiyə SİHA və İHA-ları ilə 25 minlik “Vaqner” ordusunu bir neçə dəqiqə ərzində tamamilə sıradan çıxara bilərdi”.

Samir Hümbətov qeyd edib ki, Rusiyanın parçalanmasını sadəcə müəyyən müddətə təxirə saldılar:

“Görünür, Putinin hakimiyyətdə qalması kimlərəsə sərf edir və bunda maraqlıdırlar. Ona görə də bir müddət üçün bu prosesin ləngitdilər. Amma təbii ki, artıq Rusiyanın parçalanma prosesi başlayıb. Üstəlik, Rusiya Ukraynada işğal etdiyi əraziləri də itirə-itirə gedir. Bu itkilərin davam etməsi ölkə daxilində daha genişmiqyaslı qiyamın baş verməsinə gətirib çıxara bilər”.

Tacxeber.com

Oxşar xəbərlər