Söyüdlü etiraz aksiyasından sonra hakimiyyət mediasında sianidin zərərli olmamağı və insan üçün təhlükə törətmədiyi haqqında bir neçə fikir dərc olundu.
Şəkildə gördüyünüz cəsədlər 1978-də Qayanada sianidlə zəhərlənib ölmüş adamlarım meyidləridir, cəmisi 918 adam. Doqquz yüz on səkkiz.
Zəhərlənənlər “Xalqlar məbədi” adlı yalançı təriqətinin müridləridir, təriqətin öndəri, vaiz və fırıldaqçı Cimmi Consun əmriylə dünyadan getmək üçün meyvə şirəsinə qatılmış sianid içiblər. İçənlərdən sağ qalan olmayıb.
Cons ABŞ-da doğulub, “Xalqlar məbədi” təriqətini ABŞ-da yaradıb, müridlərinin çoxusunu orada yığıb, amma görüb ki, Amerikada qol-qanad aça bilməyəcək, Qayanaya köçüb. Sovet hökumətiylə danışıqlar aparırmış, SSRİ-yə köçmək istəyirmiş.
Sianidin zərərsizliyi haqqında danışanlara və o fikirləri çap edənlərə hərdən də olsa İnternetə baxmağa məsləhət görürəm.
Bəli, onillərdir İnternet deyilən bir virtual məkan var və orada əvvəllər ensiklopediyalarda olan məlumatlar dərc olunur.
Hə, 300 ildi ensiklopediya deyilən kitablar, belə bir bir anlayış da var. Orada istənilən mövzuda məlumat tapmaq olar.
Yəni yalan danışanda və yazanda eləsini danışın və çap eləyin ki, sonra bişmiş toyuqlar da sizə gülməsin. Yoxsa sizə fərq eləmir, əsas odu ki, müdürün tapşırığını yerinə yetirəsiniz və pul gəlsin? O da olar, amma onun adı el dilində bir qədər başqadır… “.