• 24 Noyabr 2024 12:00

“Yaponiyalı qadın göz yaşları içərisində bizə yaxınlaşıb hönkürdü…”

 

“Onlara çox azadlıq vermişəm, tənqidləri açıq-aydın üzümə deyirlər”

“Hər bir sənətkarın mütləq şəkildə bir tənqidçisi olmalıdır. Mənim tənqidçilərim ailəmdir, həyat yoldaşımdır. Onların tənqidlərini dinləyirəm. Yad adam fikirləşər ki, deyərəm, qəlbinə dəyər. Amma onlar bunu üzümə, açıq-aydın deyirlər ki, filan mahnın digərinə uyğun olmadı. Onlara çox azadlıq vermişəm. Əksər hallarda onlarla razılaşıram da. Ailəm ən çox Azərbaycandakı konsertlərimdə məni qarşılayır. Üzlərinə baxıram, bəzən görürsən ki, konsert elə keçib ki, söz deməyə halları yoxdur. Bəzən də görürəm ki, narazı haldadırlar. Mən o dəqiqə onların üz mimikalarından hiss edirəm”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov bildirib.

“Bütün sənətlər ağırdır, çətindir. Başqa sənətdə olsaydıq, görərdik o çətinlikləri. Kimi dindirirsən müğənnidir, musiqiçidir. Amma onlara ən gözəl qiyməti tamaşaçı verir. Xalqın gözü tərəzidir. Elə-belədən sənətkar olmaq olmur. Mənim həyatım elə lap başından bir xatirədir, tarixdir. O qədər xoş xatirələrim var ki. İllərdir dünya ölkələrində Azərbaycan muğamını, musiqimizi, incəsənətimizi, mədəniyyətimizi təbliğ edirəm. O insanların üzlərindəki təbəssümü görmək, o alqışları eşitmək mənim üçün çox xoşdur. Hansısa ölkədə bir qadın göz yaşları içində bizə yaxınlaşdı. Səhv etmirəmsə Yaponiyada idi. Qadın bizim muğamımızdan təsirlənib, hönkürtü ilə ağlamışdı. Bu tək bizim səsimizin yox, həm də Azərbaycan muğamının qüdrətidir. Dilimizi bilməyən, mədəniyyətimizi tanımayan yaponiyalı bizim muğamımızı göz yaşları içində dinləmişdi. Bu bizi də çox qəhərləndirdi. Belə hallarla əksər ölkələrdə qarşılaşırıq”, – deyə sənətkar bildirdi.

Alim Qasımov bildirib ki, nəvələri arasında sənətə həvəsli olanlar da az deyil.

“Nəvələrimdə də gözəl səs var. Mən istəsəm də onlara nəsə öyrədə bilmərəm. Çox qeyri-adi boğazları var. Fərqanə xanımın oğlu elə nəfəslər vurur ki, onları mən edə bilmərəm. Bir mahnı ifa etdi, sonra saxladı. Bilirəm ki, o sənətə yenidən başlasa, uğurlar əldə edəcək”, – deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər