• 23 Noyabr 2024 06:42

Qadınlar heyvan kəsə bilərlər? – AÇIQLAMA

Qurban bayramı ərəfəsində qadınların heyvan kəsməsinin icazəli olub-olmadığı məsələsi gündəmə gəlib. Müzakirələr zamanı qadınlara nəinki qurban, hətta digər heyvanları kəsməyin İslam dinində qadağan edildiyi bildirilsə də, bunu daha çox mentalitet məsələsi kimi qiymətləndirənlər də olub. İslam alimlərinin isə bu məsələdə rəyi fərqlidir. Belə ki, bir çox alimlərin rəyinə görə, İslam dinində qurban kəsən, ümumiyyətlə, heyvan kəsən şəxsin cinsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Dinimizə görə, qadın şəriətə uyğun şəkildə heyvan kəsməyi bacarırsa, qurban kəsə bilər və onun kəsdiyi heyvanın ətindən yemək olar.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, həmişə Ramazan, yaxud Qurban bayramı ərəfəsində əsas məsələlərin mahiyyətinin kənarda qaldığı, daha çox mahiyyətdənkənar müzakirələrin aparıldığı müşahidə edilir.

“Əslində, daha çox qurbanın mahiyyəti, nə üçün qurban kəsildiyi  ilə bağlı müzakirələr aparılmalı olduğu halda, belə müzakirələr aparılır. Qadınların qurban kəsməsi məsələsi də zaman-zaman müzakirə olunur. Dinimizə görə, heyvan kəsməklə bağlı şəxs baxımından heç bir məhdudiyyət yoxdur. Biz bu məsələnin mahiyyətinə varanda başa düşürük ki, kişilərlə bərabər qadınlar da heyvan kəsə bilirlər. Dində buna heç bir qadağa yoxdur. Sadəcə, Azərbaycanda bir ənənə kimi formalaşıb ki, bu işi daha çox kişilər görür. Amma dini baxımdan belə deyil. Qadınların qurban kəsməsi ilə bağlı fərqli düşüncələr, görüşlər ola bilər. Qadınlara heyvan kəsməyin qadağan olması bəzi rəylərə əsasən ortaya qoyulmuş mövqedir. Lakin bir çox dini mətnlərə baxanda, bu məsələni təhlil edəndə görürük ki, qadınların heyvan kəsməsi İslam dinində qadağan olunmayıb. Çünki elə bir vəziyyət yaranar, hardasa kişi xeylağı olmaya bilər və bu işi qadın görə bilər. Belə hallar tarixdə olub. Düşünürəm, daha çox məsələnin mahiyyəti, önəmi, ümumi prosesə faydası, yaxud zərəri, mənfi tərəfləri barədə düşünməliyik”, – deputat deyib.

Tacxeber.com

Oxşar xəbərlər