Eyni ailənin üzləri bir evin altında bir-birinə azadlıq vermir. Arvad ərinə azadlıq vermir. Ər arvadına azadlıq vermir. Bacı qardaşa, qardaş bacıya azadlıq vermir. Amma hamısı bir yerdə hökumətdən azadlıq istəyir. Əgər istəyirsə… İstə, yaxşı eləyirsən. Demirəm niyə istəyirsən? Amma bu zehniyyətlə bu istəyə nail olmaq mümkün deyil. Uzaq başı yığılıb bir yerə hakimiyyəti dəyişəcəksən. Torpaqlarımız alınandan 3-5 ay sonra həyatında heç nəyin dəyişmədiyini gördüyün kimi, indi də görəcəksən ki, hakimiyyət dəyişib, amma sistem və həyatında heç nə dəyişməyib. Çünki o sistem sənin şüurundadır, zehniyyətindədir. O şüurun üzərində uzaq başı kasmetik dəyişiklərdən ibarət hakimiyyət qurmaq olar. Yaxud, insanların şəxsi yazışmalarını, intim videolarını ələ keçirmək və yaymaq cinayətdir. Amma hakimiyyət bu cinayətə gedir. Niyə? Çünki o videolara baxmaq istəyən böyük bir toplum mövcuddur. Bu o deməkdir ki, hakimiyyət cinayətkardırsa, toplum da cinayətkar zehniyyətə sahibdir. Siz heç görmüsünüz ki, cinayətkar zehniyyətə sahib toplumun sivil, demokratik hakimiyyəti olsun? Toplumun siyasiləşməsi vacib bir məsələ deyil. Vacib olan toplumun mədəniləşməsidir. Bizim isə ümumiyyətlə mədəniyyət anlayışımız səhvdir. Məsələn, bütün anlayışlar dilimizdə var. Ləyaqət, əxlaq, vicdan… Ancaq onların heç biri bizim şüurumuzda yerbəyer olmayıb. Bir qadına əxlaqsız deyiləndə hamı düşünür ki, yəqin kişi ilə gəzir. Hər şey cinsi faktorla əlaqələndirilir. Təsəvvür edin, bizim qiymətləndirmə meyarımız vicdan, ləyaqət, əxlaq kimi anlayışlardır, onların da mənasının nə olduğunu bilmirsən. Bu ağılla hansı düzgün qərarlar verəcəksən? Məsələn, biri sənə vicdansız deyir. Tez ona sual versən ki, vicdan nədir? Cavab belə olacaq: necə yəni? Çünki bilmir. Sözdü də, ağzına düşüb, deyir. Tez soruşsan ki, bəs əxlaq nədir? Başalayacaq namusdan, qeyrətdən danışmağa. Namus-qeyrət nədir soruşmaq isə ümumiyyətlə təhlükəli sualdır. Azərbaycan insanına bu sualı vermək adamdan böyük hünər və cəsarət istəyir. Yəni ondan namus nədir, qeyrət nədir soruşursansa, belə çıxır ki, ona namussuz deyirsən, qeyrətsiz deyirsən. Bizim cəmiyyət olaraq, fərd olaraq öz aramızda bu boyda senzura var, qadağa var, məhdudiyyət varsa, necə senzurasız hakimiyyətimiz ola bilər?
Uzun yazı oxuya bilmir, hakimiyyət dəyişmək istəyir.
Bütün bu şeyləri düşündükcə görürsən ki, bu ölkədə minumum səviyyədə aydın bir adam yaratmaq nə boyda zülmdür. Söhbət hələ bircə adamdan gedir. Və bu dediklərimi anlamaq da hələ bilgi deyil, əlifbadır, məktəbəqədər hazırlıq mərhələsidir. Əsl bilgi bunları anlayandan sonra başlayır.