“Musiqimizə özbək, ərəb, fars ritmələri gəlib. Hamısı qatışıb bir-birinə. Televiziya və radiolar müğənnilərin həmin ritmlərdə mahnı oxumasına qadağa qoysalar, yaxşı olar”.
Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Sənətçi hazırda dəbdə olan musiqiləri tənqid edib:
“Əvvəllər sevinirdim ki, hamı oxuyur, kefi kökdür. Çünki biz ağır günlər yaşadıq, müharibədən keçdik. O zamanlar elə bir yerdə yaşayırdım ki, evimizin altında hər gün 30-40 şəhid aparırdılar. Bu mərhələni geridə qoyduqdan sonra dedim ki, nə yaxşı hamı oxuyur. İndi isə qorxa-qorxa deyirəm ki, hamı oxuyur.
Bir sözlə, dəhşətdir. Əndazəni aşmışıq.
Əfsus ki, musiqilər bir-birinə qarışıb. Bütün dünya xalqlarının mahnılarını həftəbecər ediblər. Bunu etmək olmaz!
İndi bir çox müğənnilərin ifası da bir-birinə bənzəyir. Onları ayırd edə bilmirəm. Avtomobildə gedərkən radioda oxuyan müğənnini səsindən tanıya bilmirəm”.