• 25 Noyabr 2024 12:04

Azərbaycanda qadınların pensiya yaşı artdı: Niyə hədd 63-də saxlanılmır? 

 

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı artırılıb.

İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən etibarən bu yaş həddi 63,5 yaşa qaldırılıb.

Qeyd edək ki, bu artım hər altı aydan bir olur.

Yaş həddinin artırılması 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər əsasında baş verir.

Belə ki, kişilərin yaş həddinin hər il altı ay artırılması 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək davam etdi. Amma qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılacaq.

2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni – 65 yaş – olacaq.

Bəs ölkədə nə qədər qadın pensiya alır? Qadınlar üçün pensiya yaşı 63-də saxlanıla bilərmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda pensiya alan vətəndaşların sayı 1 101 949 nəfər müəyyən edilib:

“Onlardan 637 975-ni isə pensiya alan qadınlar təşkil edir”.

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Deputat Vüqar Bayramlı bildirib ki, qadınların 63 yaşda pensiyaya çıxması barədə təklif verilib:

“Mən bununla bağlı dəfələrlə Milli Məclisdə təkliflərlə çıxış etmişəm. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim ki, qadınların pensiya yaşının 63-də saxlanmasının maliyyə tutumunun hesablanması həyata keçirilsin. Çünki qadınların pensiya yaşının 63-də olması daha məqsədəuyğundur”.

Deputat qeyd edib ki, qadınlarla kişilərin pensiya yaşına diferensial yanaşma daha düzgündür:

“Bu, bir sıra ölkələrdə də tətbiq olunur. Qadınların pensiya yaşı tamam olan zaman daha çox sosial təminata ehtiyacları var. Təklifimiz ondan ibarətdir ki, bu nəzərə alınsın”.

Tacxeber.com

Oxşar xəbərlər