• 23 Noyabr 2024 06:15

Restoran SOYĞUNÇULUĞU: 25% servis haqqı tələb oluna bilər? – ARAŞDIRMA

Restoran SOYĞUNÇULUĞU: 25% servis haqqı tələb oluna bilər? - ARAŞDIRMA

 

Bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı”nın tələb olunması hər kəsə məlumdur. 

Belə ki, müştəri hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə sifariş etdiyi məhsulların ümumi məbləğinin 10%-i civarında servis haqqı tələb olunur.  Bakıda yerləşən restoranlardan birində ümumi hesabın 25 faizinin “servis haqqı” olaraq hesablanması isə müzakirələrə səbəb olub. Vətəndaşlara görə, istehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsi yolverilməzdir və müştərinin servis haqqı ödəmək məcburiyyəti olmamalıdır. 25 faizlik servis haqqı isə heç cür qəbul oluna bilməz.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki,  Azərbaycan qanunvericiliyində müştəridən “servis haqqı”nın tələb olunması ilə bağlı maddə yoxdur:

Dünyanın hər yerində belə bir istehlakçı təfəkkürü var ki, ona xidmət göstərən şəxsə əlavə ödəniş verir. Bu, bütün xidmət sahələrində mövcuddur. Lakin müştəri əlavə ödəniş, yəni servis haqqını könüllü şəkildə verir. Təəssüf ki, xarici ölkələrdə olan bu təcrübə Azərbaycanda qanuniləşib. Bu yanaşma istehlakçı hüquqlarının pozulması və vətəndaşların aldadılmasıdır. Diqqət etsəniz, restoranlarda işçi günü 10 manata çalışır. Müvafiq dövlət orqanları servis haqqının həmin işçilərin maaşına təsir edib-etmədiyini araşdırmırlar.

Restoranlar istehlakçıları öncədən servis haqqı barədə məlumatlandırmalıdır. İstehlakçı bilməlidir ki, hesabı ödəyəndə ondan nə qədər servis haqqı tələb olunacaq. Əgər istehlakçıya servis haqqının olması ilə bağlı əvvəlcədən məlumat verilmirsə, bu halda restorandan şikayət etmək olar. İstehlakçıdan servis haqqının tələb olunması turizmin inkişafına böyük zərbədir. Son 7 ildir ki, Azərbaycanda servis haqqı dəbdədir. Hətta üzü dəniz tərəfə oturanda da əlavə pul tələb edilir. Yaxşı olardı ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu problemin qarşısını almaq üçün ciddi addımlar atsın”.

Marketoloq, restoran sahəsi üzrə fərdi sahibkar Pərviz Əzimov vurğulayıb ki, servis haqqı barədə ödəniş verilərsə, burada heç bir halda istehlakçı hüququ pozulmur:

Əslində servis haqqı bütün ölkələrin restoran şəbəkəsində təcrübədən keçmiş bir metoddur. Hələ 2010-cu ildə Amerikada istehlakçıya verilən çekin üzərində servis haqqı qeyd olunurdu. Vacib məsələ budur ki, servis haqqı barəsində müştəriyə məlumat verilməlidir. Bu məlumat ən azından menyuda öz əksini tapmalıdır ki, müştəri ödəyəcəyi məbləği təxmini bilsin. Əgər müştəriyə öncədən 25 faizlik servis haqqının olduğu bildirilibsə, bu halda restoranı günahlandırmaq doğru olmaz. Bu, qanunsuzluq da sayılmır. Sadəcə 25 faiz yüksək servis haqqı kimi dəyərləndirilə bilər. Çünki Azərbaycanda maksimum servis haqqı 10-12 faiz civarında dəyişir”.

 Uzun müddət restoran sahəsində, maliyyə sektorunda çalışan Mürsəl İsayev isə öz növbəsində qeyd edib ki, servis haqqı hamının bildiyi “çayvoy”un el arasında qanunsuz hesab edilməyən icbari formasıdır:

“Servis haqqı adətən müştəri ilə birbaşa ünsiyyətdə olmayan işçilərə xərclənir. Həmin şəxslərə köməkçi ofisiantlar, barmenlər, mətbəxdə çalışanlar və təmizliklə məşğul olanlar daxildir. Bəzi hallarda ofisiantlara da servis haqqı ödənir. Servis haqqı xarici turistlər üçün 15-20 faiz nəzərdə tutulur. 20-25 faizlik servis haqqı daha çox dənizkənarı istirahət mərkəzləri və restoranlar üçün keçərlidir. Ümumilikdə servis haqqı restoranın daxili qaydalarına əsasən müəyyən olunur. Bəzi restoranlar servis haqqından yığılan məbləği sınmış qab-qacaq üçün ayırır. Təxminən 70 faizə yaxın restoran isə servis haqqını işçilər arasında bölür”.

Gülşən Şərif
Tacxeber.com

Oxşar xəbərlər