• 23 Noyabr 2024 16:27

“Bu bakteriya ətdə, süddə, süd məhsullarında və salatlarda ortaya çıxır”

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir. Mütəxəssislərin fikrincə, yay aylarında havanın temperaturunun artması ilə qida zəhərlənməsi halları artır. Qida ilə insan orqanizminə keçən bakteriya, virus, parazit, toksinlər və kimyəvi maddələr qida zəhərlənməsinə səbəb olur.
Terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qida zəhərlənməsinə dörd növ bakteriya səbəb olur.

“Bunlardan birincisi ən çox yayılmış bakteriyalar növü olan “stafilokokklar”dır. Bu bakteriya ətdə, süddə, süd məhsullarında və zəif yuyulmuş məhsullardan hazırlanmış salatlarda ortaya çıxır. Bakteriya ilə qida qəbul etdikdən iki-üç saat sonra zəhərlənmə əlamətləri başlayır və orqanizmdə qusma reaksiyası müşahidə edilir”deyən həkim qeyd edir ki, bakteriyalar ölümcül zəhərlənməyə səbəb ola bilər.

Məlahət Abbasovaət, süd və salatdan qaynaqlanan qida zəhərlənmələrində ən çox görülən bir başqa bakteriya növünün də “şigella” olduğunu və bu bakteriyanın törətdiyi zəhərlənmələrdə əlamət göstərmə müddətinin bir-iki gün olduğunu qeyd edib.

“Bu bakteriya ürəkbulanma, qusma, qızdırma, kramp, qarın ağrıları və nəcisdə qan şəklində əlamətlərlə görülür. Clostridium botulinum ən ciddi və ölümcül qida zəhərlənməsinə səbəb olan bakteriyalardan biridir. Bu bakteriya konservləşdirilmiş qidalar, ət, tərəvəz və meyvələrdə olur. Bu bakteriya iflic edə, nəfəs almağa mane ola bilər və ölümlə nəticələnə bilər”-deyə Məlahət Abbasova vurğulayıb.

Həkimin sözlərinə görə, necə və haradan gəldiyi bilinməyən, eyni zamanda necə saxlandığı, yoxlanılmamış və piştaxtalarda açıq şəkildə satılan məhsullarla diqqətli olmaq lazımdır.

“Qablaşdırılmış məhsul alarkən qablaşdırmanın xarab olmamasına diqqət yetirin. Etiketləri daim oxuyun. Üzərində yazılmış istehsal və son istifadə tarixlərini yoxlayın. Heyvanlardan keçə biləcək xəstəliklərə görə heç vaxt çiy süd istehlak etməyin” -deyə qeyd edib.

Məlahət Abbasova, qida zəhərlənməsinin qarşısının alınması üçün yeməklərin soyuducu və ya dondurucuda saxlamağı tövsiyyə edir. O, bildirib ki, bişmiş yeməklərin dərhal istehlak edilmədiyi təqdirdə iki saat ərzində soyuducuya qoyulmalıdır.

“Soyuducuda olan və istehlak üçün çıxarılacaq qidalar 70 C dərəcədən yuxarı qızdırılmalıdır. Eyni yeməyi dəfələrlə qızdırmaq sağlamlıq üçün təhlükə yarada bilər. Buzluqdan çıxardığınız qidaları əridikdən sonra yenidən dondurucuya qoymayın. Bişmiş qida ilə çiy yemək arasında təmasdan çəkinin. Şəxsi gigiyenanıza diqqət yetirin. Yemək hazırlayan şəxslərin qida zəhərlənməsinin qarşısını almaq üçün əllərini ən az iki dəqiqə sabunla yumaları vacibdir. Bundan əlavə, əllərində kəsik və ya açıq yara olan insanlar yemək hazırlamamalıdırlar. Tərəvəz və meyvələr yaxşıca yuyulduqdan sonra istehlak edilməlidir”-deyə Məlahət Abbasova əlavə edib.

Həkimin sözlərinə görə, çiy ət, yumurta və ya quş əti kimi qidalar hazırladıqdan sonra əllər yaxşı yuyulmalıdır. Belə riskli qidalar hazırlanarkən ayrı-ayrı doğrama taxtaları və bıçaqlardan istifadə edilməlidir.

“Kifayət qədər vaxt və temperaturda bişirilməyən qidalar zərərli bakteriyaların həzm sisteminə keçməsinə səbəb ola bilər. İshal və qusma zamanı istirahət etməli və təmiz su, ayran, mineral su, şəkərsiz çay ilə maye qəbulunu artırmalısınız. Əgər ishalınız varsa, düyü sıyığı, qatıq, banan, şaftalı, qaynadılmış kartof istehlak etməlisiniz”-deyə həkim bildirib. O, əlavə edib ki, xəstənin vəziyyəti ağırlaşarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər