• 24 Noyabr 2024 02:56

REAL-ın qeydiyyatı ləğv edilsə, Erkin Qədirli mandatından imtina edəcək

“REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək. Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik”.

Tacxeber xəbər verir ki, bunu REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-nın suallarını cavablandırarkən deyib.

Natiq Cəfərli qeyd edib ki, deputat mandatından imtina edilsə, Erkin Qədirli Avropa Şurasındakı təmsilçiliyini də itirəcək.

“Onun üç ildir deputat olaraq Azərbaycana qazandırdığı imic yerlə bir olacaq. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı”, – Natiq Cəfərli vurğulayıb.

Siyasətçinin sözlərinə görə, REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividendlər qazandırıb:

“Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq”.

Xatırladaq ki, iyulun 17-də REAL-ın sədri İlqar Məmmədov partiyanın buraxıla biləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi REAL partiyasına üzvlüklə bağlı mənfi cavab verib.

Siyasətçi qeyd edib ki, nazirlik partiyanın təqdim etdiyi siyahıda cəmi 463 nəfərin adının “keçərli” olduğunu bildirib.

“Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”, – İlqar Məmmədov vurğulayıb. O, yekun qərarın həftə ərzində ictimaiyyətə açıqlanacağını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər