• 23 Noyabr 2024 13:23

Xırdalanda xaos illərdir, davam edir – Deputatdan AÇIQLAMA

 

Xırdalan – bir-birinin yanında pərakəndə tikilən obyektlər, yol boyu işğal edilən piyada səkiləri, az qala asfaltın ortasında tikilən evlər, sıxlıq, tıxacda əziyyət çəkən insanlar, bir sözlə  xaos… Abşeron rayonunun mərkəzi sayılan Xırdalanın adı uzun illərdir, çoxsaylı vətəndaş şikayətləri ilə birgə hallanır. Rayonun rəhbərliyi dəyişsə də, şikayətlər də, Xırdalan da, demək olar, illər əvvəl necə idisə, indi də eyni vəziyyətdə qalıb. Sabiq icra başçısı İradə Gülməmmədovanın dövründən bəri qalaq-qalaq yığılan problemlərdən, görünür, yeni icra başçısı Abdin Fərzəliyev, bir ildir, hələ də baş çıxara bilməyib. Əsas prospektlərdə tıxac, səkiləri “işğal edən” dükanlar, artan insan sayı…

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, deputatlar tərəfindən Xırdalandakı problemlərlə bağlı dəfələrlə mətbuatda açıqlamalar verilib.

“Yeni icra başçısıdan əvvəl də Xırdalanda pərakəndəlik olub. Yolların kənarında dükanlar, obyektlər tikilib. Təbii ki, bu gün də bu davam edir. Dövlət tərəfindən Abşeronun hazırkı icra başçısına tapşırıqlar verilib. Rayonda xeyli təmizləmə işləri aparılıb. Bunu da qeyd etməliyik. Problemlər müəyyən qədər həllini tapır. Lakin bu, kifayət deyil. Təbii ki, həm yerli icra hakimiyyəti başçısı, həm də bələdiyyə sədrləri bu məsələdə daha da aktiv olmalıdırlar. Xırdalanda qayda-qanun yaradılması ilə bağlı davamlı işlər aparılmalıdır”, – deputat deyib.

C.Paşazadə bildirib ki, tıxacların yaranmasında sürücülərin də payı az deyil: “Maşını necə gəldi, saxlayırlar. Sürücülük mədəniyyəti problemlidir. Kimi dindirirsən, qaydalara əməl etməyə dəvət edirsən, əsəbi danışır, kobud cavab verir. Təkcə Xırdalan deyil, Sumqayıtda da böyük tıxaclar olur. Qəza işığını yandıran kimi elə bilirlər ki, bütün məsələləri həll etdilər. Sübut etməyə çalışırlar ki, guya qaydalara əməl edirlər. Birinci növbədə qanunlar işləməlidir. Dayanma-durmada problemlər var. “Sədərək”, “Binə” ticarət mərkəzləri tərəfdə xaos daha çoxdur. Həm sahibkarları, həm alış-veriş üçün gedənləri hesablasaq, hərəsinin avtomobili var, Allah bir az da çox eləsin… Amma səhər və axşam saatlarında, yəni işə gedərkən, qayıdakən tıxac çox olur. Yol hansı gücə malik olmalıdır ki, bu qədər yükü çəkməlidir. Küçə ticarətləri də narahatlıq yaradır. Bu, düzgün deyil. Xüsusilə material satan dükanlar yol kənarlarında çoxluq təşkil edir. Bu obyektlərin yerləri ən azından hissə-hissə dəyişdirilməli, kənarda mərkəzləşdirilmiş yerlər olmalıdır. Hər obyektin qarşısında maşınlar pərakəndə şəkildə dayanır. Qaydalar pozulur. Belə hallar çoxdur. Əsas da mərkəzi yerlərdə.  Fikirləşdik ki, məktəblər tətilə buraxılanda bir az vəziyyət yüngülləşər. Amma heç bir fərqi olmadı”.

Tacxeber.com

Oxşar xəbərlər