• 23 Noyabr 2024 23:06

Pul tələsi, yoxsa qoruyucu vasitə?

 

Mövsümlə əlaqədar dərimizin ultrabənövşəyi şüalardan qorunması haqqında düşünməliyik. Bu an ilk ağıla gələn, əlbəttə ki, SPF (Sun Protection Factor) tərkibli kremlərdir. Satışda növbənöv və müxtəlif qiymətli kremlər var. Amma… Biz hansı meyarlara uyğun krem seçməliyik? Gəlin birlikdə araşdıraq. Əvvəla, SPF-in nə olduğunu öyrənək. SPF ingilis dilindən tərcümədə günəşdən qorunma faktoru deməkdir. Onun göstəricisi nə qədər çoxdursa, qorunma da bir o qədər effektlidir. Qeyd edək ki, dəriyə mənfi təsir göstərən iki tip ultrabənövşəyi şüalar var: UVA (A qrupu ultrabənövşəyi şüalar) və UVB (B qrupu ultrabənövşəyi şüalar).

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Dermatoloq Samirə Teymurova deyir ki, hazırda isti yay günlərini yaşayırıq:

“Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında yaz-yay günləri, hətta payızın əvvəli belə günəşli günlər olur. Günqoruyucu kremlərdən istifadəni tövsiyə edirəm. SPF-li kremlərdə müxtəlif rəqəmlər görürük: 15, 20, 30, 50, 80, 100. Bu, onların qoruyuculuq dərəcəsini göstərir. Dekorativ kosmetikada – dodaq boyası, ənlik, kirşan və s. təxminən 15% qoruyucu olur. Bu, azdır. Payız-qış aylarında və ya soyuq iqlimli yerlərdə 20-30% kifayətdir. Digər aylarda 30 belə bəs etsə də, mart-oktyabr arası SPF 50+ olmalıdır”.

“Ultrabənövşəyi şüalar dərinin tez yaşlanmasına səbəb olur”, – deyir dermatoloq:

“Məsələn, açıq sahədə (tarlada, inşaatda, dənizdə) işləyən insanların dərisi həm erkən yaşlanır, həm də çox qırışlı olur. Bu kremlər ultrabənövşəyi şüalar nəticəsində qocalmanın da qarşısını alır. Dərinin həddindən artıq şüaya məruz qalması xərçəngə gətirib çıxarır. Əsasən, bir və ikinci fototipə malik dərilər – ağbəniz, sarışın, mavi, alagöz insanlar günəş şüalarına daha həssasdır. Şüalar onların dərisinə daha tez – 10-15 dəqiqəyə mənfi təsir edir. Tünd dərili fototiplər onlara nisbətdə günəşə daha çox davamlıdır. Onlara şüanın mənfi təsiri 30-60 dəqiqədən sonra başlayır”.

Samirə xanım daha bir vacib məqama da toxundu: “Çox insan fikirləşir ki, dağ rayonlarında hava sərindir, qorunmaya ehtiyac yoxdur. Amma nəzərə almaq lazımdır ki, həmin yerlər günəşə daha yaxındır. Buna görə də, dağ rayonlarında da kremlərdən istifadə olunmalıdır. Quba, Qusar, Qəbələdə qış turizm mərkəzlərində qar günəş şüalarını əks etdirir. Həmin yerlərdə şüalar həm göydən gəlir, həm də qara dəyib əks olunur. Biz ikiqat şüalanmaya məruz qalırıq. Ona görə, qışda da açıq nahiyələrdə kremdən istifadə olunmalıdır. Çimərliyə isə, səhər saat 10-a qədər və axşam 6-dan sonra getmək məsləhətdir. Buludlu havada da günəş şüalarının mənfi təsiri var. Amma, vitamin D qəbulu üçün 10-15 dəqiqə kremsiz çıxmaq olar. Bundan ötrü saatlarla günün altında qalmaq lazım deyil. Çıxarkən başa mütləq panama və ya kepka qoyulmalı, gözə eynək taxılmalıdır. Çətir də istifadə etmək olar. Ümumiyyətlə isə, hər iki saatdan bir kremimizi yeniləməliyik. Əvvəl dəridəki kremi silməli, sonra yenisini çəkməliyik. Üzümüzdə makiyaj varsa, sprey tipli SPF-lərdən istifadə edə bilərik”.

Dermatoloq başqa bir məsləhət də verdi:

“Biz şüaları da nəzarətimiz altında saxlamalıyıq. Hər birimizin telefonunda hava haqqında məlumat var. Orada havanın temperaturu, küləyin sürəti, nəmişlik, təzyiq və ultrabənövşəyi indeks görünür. Əgər ultrabənövşəyi indeks iki və ondan çoxdursa, mütləq şəkildə qoruyucu kremdən istifadə olunmalıdır. Kremlərdən tək qadınlar yox, kişilər və uşaqlar da istifadə etməlidir”.

Kosmetoloq Nuriyyə Adıgözəlova deyir ki, dəri ultrabənövşəyi şüaların mənfi təsirindən mütləq qorunmalıdır:

“Dərinin açıqda qalan hissələrini, xüsusən də, üzü tək yaz və yay aylarında deyil, bütün ilboyu qorumaq lazımdır. Gündüz SPF tərkibli kremlərin istifadəsi dərini qırışlardan, quruluqdan, piqment ləkələrindən, elastikliyin azalmasından qoruyur. SPF-li kosmetik vasitələr günəş şüalarına sanki günəş effekti verir, onları əks etdirərək dəriyə düşməsinin, dağıdıcı təsirinin qarşısını alır. Bundan başqa, krem istifadəsi fotoqocalma, günəş yanığı, bədxassəli dəyişikliklər, həmçinin allergik dermatitin qarşısını alır”.

“Kremin istifadəsi düzgün olmalıdır”, – deyir kosmetoloq:

“Evdən çıxmamışdan 20-30 dəqiqə əvvəl dəriyə bərabər şəkildə və hamar çəkilməlidir. Belə olan halda krem yaxşı hopur və dərinin üzərində sanki bir müdafiə qatı yaradır. Çox adam kremi bircə üzə çəkməklə kifayətlənir. Amma bu, doğru deyil. Mütləq dekolte, qulaq, dodaqlar, əllər də kremlənməlidir. Dənizə gedəndə hər suya girib-çıxandan sonra krem təkrar vurulmalıdır”.

Kosmetoloq başqa vacib mətləblərə də toxundu:

“Krem quru dəriyə çəkilməlidir. Çünki dərinin üzərində olan nəmlik, su kremin dəriyə rahat yayılması və hopmasına imkan verməyəcək. Məsələn, əgər dənizdəsinizsə, təbii ki, kremi bədəninizin bütün açıq qalan hissəsinə çəkməlisiz. Hər dəfə krem sürtməzdən əvvəl dərinizdə olan su damcılarını silin. Bəzi insanlar düşünür ki, çətir altında və ya hər hansısa bir kölgəlikdə dayananda ultrabənövşəyi şüalardan qorunur. Xeyr. Buna aldanıb dərinizi qorumasız buraxmayın. Sərin bir yerdə, məsələn, kondisioner işləyən məkanda (kafe, avtobus, ofis və s.) otura, pəncərədən düşən şüaların dərinizə necə ziyan etdiyindən də xəbərsiz qala bilərsiniz”.

Tacxeber.com

Oxşar xəbərlər