“Çamadan-çamadan məktublar gəlirdi; biri yazmışdı ki, sevirəm səni, gözəl gözlərini…”-FOTO
“Rus həkim mənə dedi ki, nə vaxt filmlərə çəkilməsən gələrsən burun əməliyyatı edərik”
“Heç bir plastik əməliyyat etdirməmişəm. Amma bir etiraf edim. “Nizami” filmində çəkilirdim. Moskvada idim. Bir dəfə rəfiqəm dedi ki, burada kosmetoloji mərkəz var. Rəhmətlik anam həmişə deyirdi ki, sən burnunda mütləq əməliyyat etdirməlisən. Anamın bu sözü məndə kompleks yaratmışdı. Məndən soruşdular ki, nə istəyirsən? Dedim ki, burnumu əməliyyat etdirmək istəyirəm. Səbəbini soruşdular. Dedim ki, o mənə mane olur. Aktrisa olduğumu biləndə dedilər ki, get filmlərə çəkil. Nə vaxt səni filmlərə çəkməsələr, gələrsən əməliyyat edərik. O vaxtdan mən plastik əməliyyat etdirməyə qorxdum. Mənə elə gəlir ki, o şey ki, Allahdan gəlib, sənə xüsusi şarm verirsə niyə ondan imtina etməlisən?”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
“Mən rahatlığı işdə, çəkilişdə tapıram. Televiziya kameraları mənim üçün doğmadır. 30 il işləmişəm. Serialda özümü çox rahat hiss edirəm. Çünki kino ilə bacı-qardaşdırlar. Mənim üçün ən yaxşı istirahət işdir. Teatrlara da ara-sıra dəvət alıram. Amma kino mənim üçün daha önəmlidir. Teatrın da, kinonun da mənfi cəhətləri var. Kinoda çəkildinsə tarixdə qalır. Bir də istədiyin kimi oynamaq şansın olmur. Teatrda bu gün zəif oynamısansa, sabah daha güclü oynaya bilərsən. İstənilən təhvil verilmiş tamaşa getdikcə püxtələşir. Kino aktyoru məhdudlaşdırır, bacardıqca səmimi, real oynamalısan” deyə sənətkar bildirib.