Elektrik enerjisinə qənaət məqsədilə ev və ofislərdə led, yaxud diod lampalardan istifadə geniş yayılıb. Lakin araşdırmalar göstərir ki, ətrafa ağ, mavi işıq saçan bu lampalar insan orqanizmi üçün olduqca təhlükəlidir. Belə ki, həmin lampaların yaydığı B və C şüaları üz dərisi və gözlər üçün zərərlidir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən oftalmoloq Aynurə Əliyeva bildirib ki, mütəmadi olaraq, ağ və mavi işığın təsirinə məruz qalan insanların görmə qabiliyyətinin zəiflədiyi müşahidə olunur. Bu səbəbdən yaxşı olar ki, lampalar məkana uyğun seçilsin.
“Qapalı, gün işığı düşməyən ofislərdə gündüz lampaları adlanan işıqlardan istifadə etmək məqsədə uyğundur. Qənaətli olması baxımından istifadə olunan led, diod lapmaları işıq kütləsinin soyuq çalarları rənginə uygundur. Bu tip lampalar ofisdə işçilərin iş qabiliyyətinə təsir edir. Gözdə yorğunluq, gərginlik yaradır. Bu səbəbdən ofislərdə süni gün işığı adlandırılan lampalardan istifadə məsləhətdir. Göy rəngli işıq saçan elektron monitorlu cihazlar, yəni telefon, planşet, kompüter və s. gözlərə mənfi təsir göstərir. Xarici ölkələrdə aparılan araşdırmaların nəticələrinə əsasən, bu işıqların yaşa bağlı gözdə makula degenerasiyasının (sarı ləkə ) inkişafına səbəb olma ehtimalı var”, – mütəxəxssis qeyd edib.
Müsahibimiz bildirib ki, bu lampalar daha çox azyaşlılara təsir göstərir. Ən azından uşağın yatdığı otaqda adi, sarı işıq lapmalarından istifadə edilməlidir. Oftolmoloq yatmazdan öncə telefona baxmağın zərərlərindən də danışıb:
“Bundan başqa, göy işığın orqanizmə mənfi təsiri yuxu pozuntusuna da gətirib çıxarır. Buna görə də yuxudan ən az 1 saat öncə telefon və ya kompüter istifadə etməməyi məsləhət görürük. Uşaqlarda gecə qorxusu olmasın deyə, valideynlərin istifadə etdiyi gecə lampalarının da qırmızı rəngdə olmasını tövsiyə edirik. Bəzi araşdırmalar isə axşam saatlarında ümumi işıqlandırma zamanı bu lampalardan istifadə etməyin məqsədə uyğun olduğunu bildirir.”