• 24 Noyabr 2024 22:24

“Sabah Aşuradır” – Yadigar Sadıqlı

Sabah hicri-qəməri tarixi ilə məhərrəm ayının 10-u, Aşura günüdür. Bugün Aşura axşamı qeyd olunur. Məhəmməd Peyğəmbərin nəvəsi və dördüncü xəlifə Əli ibn Əbu Talibin oğlu, şiələrin üçüncü imamı Hüseyn ibn Əli və azsaylı məiyyəti hicrətin 61-ci ili məhərrəm ayının 10-da (miladi 10 oktyabr 680) Kərbəlada qətlə yetirildi.

661-ci ildə xilafətdə hakimiyyəti ələ keçirən Müaviyə 680-ci il mayın 6-da öldü. O, ölümündən 4 il əvvəl oğlu Yezidi öz varisi təyin etmişdi. Bu, yəni irsi monarxiya prinsipi İslam tarixində bir ilk idi və xeyli narazılıq doğurdu. Amma Müaviyə kimini rüşvətlə, kimini vəzifə ilə, kimini şirin dillə, kimini də hədə-qorxu ilə razı saldı. Çox az adam bunu qəbul etmədi ki, Hüseyn ibn Əli də onlardan biri idi. Yezid taxta çıxandan sonra da ona biyət etmədi.

Əli xəlifə olarkən (656-661) Xilafətin paytaxtı olan Kufə şəhərinin əhalisi Hüseynə xəbər göndərərək xəlifə kimi Yezidi tanımadıqlarını bildirirlər və şəhərə gələrək onların üsyanına rəhbərlik etməsini istəyirlər. Hüseyn Kufədəki vəziyyəti dəqiq öyrənmək üçün əmioğlusu Müslüm ibn Aqili göndərir. Müslüm Kufədə həqiqətən Yezidə qarşı ciddi müxalifət görür və əmioğlusuna şəhərə gəlməyi məsləhət görür. Hüseyn də ailə üzvləri və kiçik bir dəstə ilə yola düşür. Yolboyu dəstəsinə qoşulanlar oldu.

Amma Kufə valisi Übeydullah ibn Ziyad Müslümü ələ keçirib edam etdi, kufəlilərin də gözünü qorxutdu. Hüseyn bu hadisələr haqqında yolda xəbər tutdu, amma səfərini davam etdirdi və məhərrəm ayının 2-də Kərbəla adlı yerdə xəlifə qoşunları ilə üz-üzə qaldı. Qoşuna Ömər ibn Səəd başçılıq edirdi.

Burada artıq hadisələrin siyasi mahiyyəti, üsyan motivi. hakimiyyət və xilafət mübarizəsi bitdi, çünki kufəlilərin imamın köməyinə gəlməkdən imtinalarından sonra Hüseynin xırda dəstəsinin 4 minlik qoşunla qarşıdurmada heç bir qalibiyyət şansı yox idi.

Əvəzində mənəvi tərəf, ləyaqətli insanla ləyaqətsiz insanın qarşıdurması önə çıxır. Bir tərəfdə Yezidə biyət edəcəyi halda sağ-salamat geri qayıdacağına, üstəlik hər il xəlifədən mükafat alacağına zəmanət verilən, amma bunu özünə sığışdırmayan Hüseyn ibn Əli var. Digər tərəfdə isə Peyğəmbər nəvəsini öldürməyin yaxşı iş olmadığını anlayan, tərəddüd edən, hadisələrin dinc yolla həllini arzulayan və buna çalışan, amma Yezidin vəd etdiyi vali vəzifəsindən imtina edə bilməyib sonda cinayətə qol qoyan Ömər ibn Səəd var.

Hüseyn tamamilə ümidsiz halda təslim olmadı, ləyaqətsizlik saydığı addımı atmadı. Dəstəsindən bəziləri getdi, 71 nəfər isə qaldı. O cümlədən qardaşı Abbas ibn Əli və oğlu Əliəkbər ibn Hüseyn qaldılar (müqayisə üçün: Əməvilərə qarşı başqa bir üsyançı Abdullah ibn Zübeyr sonda Məkkədə mühasirəyə alınanda iki oğlu atalarını tərk edib xəlifəyə təslim oldular).

Son döyüş məhərrəmin 10-da baş verdi. Vaxtilə Əlinin tərəfdarı olan, Siffeyn döyüşündə onun tərəfində Müaviyəyə qarşı vuruşan, sonra isə vəzifə, pul müqabilində Əməvilərin tərəfinə keçən Şimr ibn Zilcövşən xüsusi vəhşilik göstərdi, sonda Hüseyni də onun qətlə yetirdiyi söylənilir.

Kərbəladan alınacaq ən mühüm dərs – imtina fədakarlığıdır. Kərbəla ləyaqətsizlik saydığın, doğru hesab etmədiyin addımdan həyatın bahasına olsa belə imtina etmək nümunəsidir. Hər il Kərbəla faciəsinə yaş saxlayan ölkəmizdə isə təəssüf ki, insanların çox böyük əksəriyyəti imtina etməyi bacarmır. Halbuki indi imtinanın bədəli həyat deyil, bəzi hallarda rəhbərliyin “malades”idir, bəzən vəzifədir, bəzən 5-10 manat artıq qazancdır.

Əgər ləqayətsiz addımlardan imtina etməyi bacarsaq, qat-qat daha gözəl ölkədə yaşayarıq.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər