• 23 Noyabr 2024 00:44

AZAL -“Buta” birləşməsi: Qiymətlər də “uçacaq?” 

AZAL -“Buta” birləşməsi: Qiymətlər də “uçacaq?” 

2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. 

Bu barədə AZAL məlumat yayıb. Qeyd edilir ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərimiz üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək:

““Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək. Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim olunacaq.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq”.

Artıq uzun müddətdir ki, vətəndaşlar təyyarə biletlərinin baha olmasından şikayətlənirlər. Bununla bağlı dəfələrlə millət vəkilləri, KİV, hətta sosial şəbəkələrdə vətəndaşlar öz etirazlarını bildirsələr də, heç bir dəyşiklik müşahidə edilmədi. Quru yollarının bağlı olması isə Azərbaycanda hava nəqliyyatından daha çox qazanc əldə etməsinə imkan yaradıb.

Onu da qeyd edək ki, bu gün ölkəmizdə hava nəqliyyatı kimi ancaq AZAL və onun struktur bölməsi olan “Buta Airways” fəaliyyət göstərir. Hazırda birləşmə ilə bağlı AZAL-ın təqdim etdiyi kampaniya da maraq doğurur. Bunlardan biri “Buta Budget” baqajsız tarifidir ki, sərnişinlər üçün o qədər  də yararlı deyil Çünki təyyarədən istifadə edən sərnişinlərin əksəriyyəti baqajlı bilet alır.

Qiymətləri baha olan hər iki hava nəqliyyatı birləşdikdən sonra növbəti bahalaşmaya şahid olacağıq?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Azərbaycanda loukost anlayışı “Buta Airways” aviaşirkətində işləmədi:

“Buta”nın qiymətləri adi təyyarə biletləri ilə demək olar ki, eynidir. Ona görə də AZAL-ın “Buta Airways” ilə birləşməsi mənə təəccüblü gəlmədi. Bu birləşmənin səbəblərini bilmirəm. Ola bilər ki, idarəetmənin optimallaşdırılması, yaxud xərcləri azaltmaq üçün atılır. Ancaq məntiq onu göstərir ki, Azərbaycanda adı yeganə loukost olan şirkət var idi və o da ləğv edilir.

AZAL-ın qiymət siyasəti və ümumiyyətlə, göstərilən xidmətin səviyyəsinə görə ayrıca qiymət təyinetmə siyasətini nəzərə alsaq, çox güman ki, “Buta”nın eyni reysləri AZAL-la birləşəndən sonra eyni reyslər arasında qiymət fərqi artacaq. Çünki AZAL-ın özünün “Buta” ilə paralel olaraq, məsələn, Tbilisiyə reysi var. Həmin reysdə Gürcüstan istiqamətində qiymətlər hər zaman “Buta”da baha olub. Bu, adi faktdır və ən azı qiymətlərdə 15-20 faiz fərq olurdu. Bunu AZAL onunla izah edirdi ki, bazar siyasəti fərqlidir, bütün reyslərdə isti yemək verirlər, pullu xidmət göstərilmir. “Buta”da su və “buterbrod”lardan başqa bütün xidmətlər- kofe, çay, şirniyyatlar pullu idi.

İndi bunlar pulsuz olacaqsa, bilet qiymətlərinin üzərinə gələcək. Faktiki olaraq Azərbaycanı Hava Yolları əgər “Buta”nı özünə birləşdirirsə, tək ad altında fəaliyyət göstərəcəksə, çox güman ki, eyni istiqamətlərdə qiymətlərin artdığının şahidi ola bilərik. Bu da Azərbaycanda yüksək olan aviareys bilet qiymətlərininin daha da artmasına səbəb olacaq”.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti rəsmi “Facebook” səhifəsində qiymətlərlə bağlı bildiirb ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin bütün beynəlxalq reyslərində dinamik qiymətqoyma siyasəti tətbiq edilir:

“Bu, o deməkdir ki, bu və ya digər istiqamət üzrə aviabiletin dəyəri uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişir. Aviabiletin qiymətini formalaşdıran amillərdən biri hər reysdə təyyarədə mövcud olan boş yerlərin sayıdır. Yerlər dolduqca aşağı qiymətə olan aviabiletlərin sayı da azalır.

Bu aviabilet dəyərinin formalaşdırılması sistemi aviaşirkətlərə bu və ya digər reysin maksimum yüklənməsini təmin etməyə, eyni zamanda fövqəladə hallarda təxirəsalınmaz uçuşu tələb olunan sərnişin kateqoriyası üçün təyyarədə boş yerləri hər zaman saxlamağa imkan verən beynəlxalq səviyyədə tanınmış uğurlu təcrübədir”.

Tacxeber.com

Oxşar xəbərlər