1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri – Vaqif Xaçaturyan ötən gün Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.
O, Xankəndindəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələrinin 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinin yerlə yeksan edilməsində iştirak edib. Bir neçə saat davam edən qeyri-bərabər atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, insanları qəddarcasına qətlə yetiriblər.
Xocalı rayon icra hakimiyyətinin başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Kazımov Modern.az-a açıqlamasında bildirib ki, Xaçaturyanın dəstəsində olanlar xüsusi amansızlıqları ilə seçilirdi.
“Vaqifin dəstəsində olanlar çox qəddar idilər. Onun qardaşını da yaxşı tanıyırdıq. Bir günün içərisində Məşəlidə 25 nəfər şəhid verdik, 16 nəfərimiz də yaralanmışdı. Kənddə 81 ev, 360 nəfər vardı. Həmin gün döyüş saat 7-də başlamışdı, 3-ə qədər davam etdi. Ermənilərə təəssüf ki, məğlub olduq. Onun dəstəsi çox qəddarcasına Məşəli sakinlərini şəhid etdi. Elə ailə vardı ki, dörd, hətta beş üzvü şəhid oldu”, – icra nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Xaçaturyanın saxlanılma xəbərini eşidəndən bütün Meşəli sakinləri sevinir.
“Kənd sakinləri bir-birinə zəng edir, təbrik edirdi. Allah ordumuzu qorusun. İnşallah ki, vaxtı gələndə o separatçıların hamısı cəzalarını alacaq”, – İlqar Kazımov deyib.
Qeyd edək ki, Xaçaturyan hazırda 68 yaşındadır. Əsgəran rayonunun Badara kəndində doğulub və Meşəli hadisələri zamanı həmin kənddə yaşayıb. Həmin vaxt Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləyən Xaçaturyan digər ermənilərlə birgə kəndə hücum edərək qırğın və talanlar törədib. O və hücumda iştirak edən digər ermənilər dövlətə və kənd sakinlərinə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.