AFFA-nın son “film”i

Azərbaycan futbolunda elə hadisələr baş verir ki, Hindistan filmləri, Braziliya serialları yanında yalan olar. Dram, tragediya, komediya – bir sözlə, AFFA-nın “rejissorluğ”u ilə elə “filmlər” çəkilir ki, izlə, izlə, doymazsan.

Qarşıdakı futbol mövsümündə Azərbaycan Premyer Liqasında Naxçıvanın “Araz-Naxçıvan” klubu da iştirak edəcək. Bu həmin “Araz-Naxçıvan”dır ki, 2014-cü ildə Premyer Liqada cəmi dörd turda meydana çıxandan sonra qəfildən açıqlama vermişdilər ki, çempionatda mübarizə aparmaqdan imtina edirik. Bəhanələri də bu olmuşdu ki, hakimlər “Araz-Naxçıvan”ı sıxır, ədalətsizliklə üzləşirlər. Onda hələ Vasif Talıbov Muxtar Respublikanın “şef”i idi. Çox güman, komandaya Premyer Liqada dörd tur oynayandan sonra “aradan çıxmaq” tapşırığını da Talıbov vermişdi.
İndi həmin “Araz-Naxçıvan” yenə Premyer Liqada oynayacaq. Artıq Vasif Talıbov da yoxdur. Əvəzində…
AFFA var. Bəli, AFFA var. Naxçıvanı Premyer Liqada təmsil edəcək komandanın sahibi federasiyadır.
Bir neçə gün əvvəl “Araz-Naxçıvan”ın ümumi yığıncağı keçirilmiş, orada klubun yeni təsisçilərinin adları açıqlanmışdı. Klubun açıqlamasında göstərilmişdi ki, AFFA (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) “Araz-Naxçıvan”ın yeni təsisçiləridir.
Üstəlik, komanda ev oyunlarını Naxçıvanda yox, oktyabr ayına qədər Mərdəkandakı “Dalğa Arena”da keçirəcək.
Təsəvvür edirsiz? AFFA Premyer Liqada çıxış edəcək komandanın həmtəsisçisidir, həm də, klubun maliyyəsinin əsas hissəsini federasiya ayıracaq.
Nə hindistanlılar belə film, nə də braziliyalılar bu cür serial çəkə bilər.
