Qazaxıstan sakinləri Rusiya ordusuna qoşulmaq üçün onlayn reklam təklifləri ilə qarşılaşmağa başlayıblar.
Reklamda deyilir ki, Rusiya ordusu ilə müqavilə bağlayanlara 5300 ABŞ dolları birdəfəlik ödəniş, həmçinin aylıq minimum 2000 ABŞ dolları məvacib və məbləği dəqiq açıqlanmayan əlavə ödənişlər veriləcək.
Məlumata görə, reklam açıq şəkildə qazaxıstanlılara yönəlib. Xüsusilə, orada Rusiya və Qazaxıstan bayraqları təsvir olunub və bayraqların yanında “Çiyin-çiyinə” şüarı yerləşdirilib.
Bildirilir ki, elanda Saxalində ordu sıralarına qoşulmağı təklif edən saytın linki var. Sayt işə qəbul üzrə ixtisaslaşan Saxalin vilayətinin insan kapitalının inkişafı agentliyi tərəfindən yaradılıb.
Nə qeyd olunan təşkilat, nə də Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyi jurnalistlərin suallarını cavablandırmayıb.
Qazaxıstanın cinayət məcəlləsinə əsasən, muzdluluq əlamətləri olmadığı halda respublika vətəndaşlarını xarici silahlı münaqişədə iştiraka görə beş ildən doqquz ilə qədər həbs gözləyir. Muzdluluğun cəzası isə yeddi ildən 10 ilədək həbsdir.(oxu.az)