• 25 Noyabr 2024 21:48

Dəniz və okeanlarda suyun tempraturu rekord həddə çatdı – Nə baş verir?

 

Bu həftə Yer kürəsinin dəniz və okeanlarının səthində suyun orta sutkalıq temperaturu 20,96°C-ə çatıb. Bu, mütləq rekorddur və ilin bu dövrü üçün normal tempraturdan xeyli yüksəkdir.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumat Yerin məsafədən zondlanması ilə məşğul olan və iqlim dəyişikliyi əlamətlərini izləyən “Kopernik” ümumavropa proqramının hesabatında təqdim olunub.

Mütəxəssislər qeyd edirlər ki, okeanlar ən mühüm iqlim tənzimləyicisidir, onlar insan fəaliyyətinin ətraf mühitə təsirini yumşaldır, belə fəaliyyətlər nəticəsində yaranan izafi istiliyin təxminən 90%-ni udur. Amma indi okeanlar artıq bu işin öhdəsindən gələ bilmir, qızan sular karbon qazını daha pis udur və bu qazın əhəmiyyətli hissəsi atmosferdə qalır. Bu proseslər buzlaqların əriməsini sürətləndirir, dəniz səviyyəsini yüksəldir.

Dənizlərin və okeanların flora və faunası suyun qızmasından əziyyət çəkir, balıq və heyvanlar daha sərin yerlərə köçür və bununla da qida zəncirini pozurlar. Bu, digər məsələlərlə yanaşı, kommersiya ehtiyatlarının azalmasına gətirib çıxarır.

1982-2016-cı illərdə planetdə dəniz sularının kəskin istiləşməsi halları iki dəfə artıb. Dənizlərin səthində orta sutkalıq temperaturun əvvəlki rekordu isə məhz 2016-cı ildə El Nino fenomeni fonunda qeydə alınıb.

Bu il elm adamları iyunun əvvəlində El Ninonun qayıdışı barədə məlumat verib. Avropa Kosmik Agentliyinin və Britaniya Meteorologiya Xidmətinin məlumatına görə, iyunda Britaniya sahillərində suyun temperaturu adi haldan 3-5 dərəcə isti olub. Keçən həftə Florida sahillərində suyun temperaturu 38,44 dərəcə qeydə alınıb.ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, suyun temperaturu adətən 23-31 dərəcə arasında dəyişir.(qaynarinfo)

Tacxeber.com

Oxşar xəbərlər