• 11 Noyabr 2024 08:57

“AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

“AZAL” və “Buta” niyə birləşir? – Hava nəqliyyatındakı böyük siyasətin pərdəarxası

Artıq ictimaiyyətdə belə məlumat yayılmağa başlayıb ki, “AZAL” və “Buta Airways” birləşir. Bundan yaranan narahatçılıqlar isə ondan ibarətdir ki, qiymətlər artacaq, xidmətlərin keyfiyyəti aşağı düşəcək və bütün həlledici söz sahibi yenə “AZAL” olacaq və s.

Doğrudur, bu qərar 2023-cü ilin oktyabr ayında qüvvəyə minəcək. Amma yenə də yaxın ayların doğra biləcəyi narahatlıqları öncədən  anlamaq faydalıdır. Lakin “AZAL” bu addımı mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacağı ilə əsaslandırıb. Bu əsaslandırmada qeyd olunur: “Brendləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək. vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.”

Bu zaman sual yaranır, hansı birləşmə və bazarda hökmran mövqeyə malik şirkətlər vicdanlarının hökmü ilə keyfiyyətli xidmət təklif edir ki? AZAL bazarda hökmran mövqeyə və yüksək bazar payına malikdirsə, nədən o “avtopilotda” yox, rəqabətə meydan açan qiymət siyasəti həyata keçirməlidir? Bu sualın cavabı dəqiqdir: keyfiyyətli xidmət istehlakçıları məmnun etmək və onları qazanmaq məqsədilə daxili tələbatdan yaranmır, bazarın tələbindən doğur.

Əvvəla qeyd etmək lazımdır ki, ölkə ictimaiyyətində yanlış təəssürat bundan ibarətdir ki, “Buta Airways”ı ayrıca özəl bir aviaşirkət olaraq tanıyırlar. Əslində isə “Buta Airways” şirkəti özəl bir aviaşirkət deyil. O, AZAL-ın (Qapalı Səhmdar Cəmiyyəti) struktur vahididir, törəmə şirkətidir. Lakin AZAL “Buta Airways”dən daha baha tariflərə malikdir. AZAL özünün qiymət fərqini daha çeşidli xidmətləri ilə əlaqələndirir. AZAL-ın özünün qiymət artımını əsaslandırarkən sərnişinlərə edilən əlavə xidmət çeşidinə (baqaj, yemək və s.) görə bu fərqin meydana gəlməsini əsaslandırır. Lakin bu qiymət artımlarının fərqinə baxmayaraq AZAL bazarda daha üstün sərnişin daşıma payına malikdir.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin say etibarı ilə götürsək, AZAL-ın payı “Buta Airways”i təxminən 3 dəfə üstələyir. Ümumilikdə iki milli avia şirkətin payı bazar da 45-50% təşkil edir. Yerdə qalan sərnişin daşımalarının isə xüsusi çəkisi xarici aviaşirkətlərin payına düşüb. Belə ki, 31 sərnişin aviaşirkəti H.Əliyev adına beynəlxalq aeroportuna birbaşa aviareys yerinə yetirir. Belə tanınmış aviaşirkətlərin beşliyində AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxildir.

Biz istəyiriksə ki, vətəndaşlarımız məsələn İstanbula Gürcüstanın Tbilisi şəhərinə gedib, oradan uçmasın, o zaman aviaşirkətlərin sayını artırmaq və bazara yeni oyunçuların daxil olmasına şərait yaratmalıyıq. Bu təkcə Gürcüstanda bir aviaşirkətin gəlir əldə edilməsi deyil, eyni zamanda həmin ölkəyə uçuş edən çoxsaylı vətəndaşlarımızın digər ölkənin mal və xidmət bazarına əlavə töhfə verməsi, onu qidalandırması deməkdir.

Əsl gerçəklik nədən ibarətdir?

Cari ilin oktyabr ayından “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. Özlüyündə maraqlı tendensiyadır. Bunun arxa səhnədəki sirr pərdəsi nədən ibarətdir və bundan sonra hava nəqliyyatında hansı mənzərəni görəcəyik sualı çoxumuzu düşündürür.

Bu suala cavab tapmamız üçün AZAL-ın hazırda malik olduğu avtomatik üstünlükləri nəzərdən keçirməliyik. AZAL davranışlarında açıq-aydın olaraq ikili funksiya həyata keçirir. Həm təyyarələrin uçuşu üçün ona yaradılmış infrastruktura malikdir və bu məqsədlə dövlət büdcəsində illik olaraq böyük məbləğdə subsidiyalar alır.

Digər tərəfdən digər bu üstün şərtlər altında digər aviaşirkətlərlə rəqabət aparır. Hava limanına malik şirkətin digər aviaşirkətlərin ölkəmizə daxil olub-olmaması ilə bağlı təzyiq imkanına malik olur. AZAL bir tərəfdən həmin şirkətlərlə guya rəqabət aparır, digər tərəfdən isə təyyarə uçuşlarını təmin edən təyyarə limanı üzərində sərəncamvermə hüququna malikdir. Bu açıq-aydın maraqlar konflikti halıdır. Belə bir maraqlar konfliktinə səbəb yaradan AZAL adı 2 şirkətin brendləşməsi onun bazardakı xüsusi çəkisini heç şübhəsiz ki, artıracaq.

Qeyd etdiyimiz kimi “Buta Airways” şirkəti AZAL-ın törəmə şirkətidir. Onun AZAL-la birləşməsi 2 fərqli nizamnamə fondu, kapitalizasiyası olan ayrıa-yrı şirkətlərin birləşməsi demək deyil.

Bu qərarın hansı şərtlər altında verildiyinə diqqət edin… Ölkənin quru sərhədləri bağlıdır və xarici ölkələrə yeganə çıxış vasitəsi hava nəqliyyatıdır. Bu sferada isə nəinki sərt rəqabət, hətta aşağı səviyyəli rəqabət elementləri belə yoxdur. AZAL-a yeganə alternativ “Buta” şirkəti də “udulur” və AZAL adı altında brendləşdirilir. Deməli bundan sonra “Buta Airways” kimi ticarət nişanı görməyəcəyik. Bütün xidmət təklifləri AZAL adı altına gedəcək. Brendləşmə “AZAL”ın bir şirkət olaraq qiymət tariflərinin artması ilə müşahidə olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər