• 20 Sentyabr 2024 20:27

Hərbçi oğlunu itirən ana övladına şəhid statusu ala bilmir

Hərbçi oğlunu itirən ana övladına şəhid statusu ala bilmir

Övladını gənc yaşdaykən itirmək valideyn üçün ən böyük faciədir. Belə faciəni yaşayanlardan biri də Cəbrayıl rayonundan olan Tamella Əhmədovadır. 

1993-cü ildə doğma yurd-yuvasından – Cəbrayılın Böyük Mərcanlı kəndindən didərgin düşən Tamella Əhmədovanın ağlında da gəlməzdi ki, qarşıda onu daha dəhşətli faciələr gözləyir – əvvəlcə övlad acısı,.. ardınca da həyat yoldaşının itkisi…

Tamella ananın oğlu, 1974-cü il təvəllüdlü Əhliman Əhmədov Birinci Qarabağ müharibəsi dövründə aldığı ölümcül xəsarətlərdən 20 yaşında dünyasını dəyişib.

Lakin bu günə kimi ona şəhid statusu verilməyib. Aidiyyatı qurumlar isə məsələyə biganə yanaşıblar.

Əhliman Cəbrayıl Əhmədov 1992-ci il iyunun 26-da Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə aparılıb. O, 1992-1994-cü illərdə 896, 722 və 172 saylı hərbi hissələrdə xidmət keçib.

172 saylı hərbi hissənin tərkibində müharibə bölgəsində gedən döyüşlərdə iştirak edib və bu barədə hərbi biletində də xüsusi qeydlər var.

Tamalla Əhmədova oğlunu itirdiyi dövrü belə xatrılayır:

“Əhliman döyüşlərdə iştirak etdiyi dövrdə – 1993-cü ildə bizim yaşadığımız Cəbrayıl rayonu erməni işğalına məruz qaldı və ailəmiz məcburi köçkün kimi Kürdəmir rayonuna gəlib orada məskunlaşdı.

Oğlum 1994-cü ildə 172 saylı hərbi hissənin tərkibində cəbhənin Kəlbəcər istiqamətindəki Murovdağ postunda xidmət aparan zaman ağır yanıq xəsarətləri aldı və bununla əlaqədar Gəncə şəhərindəki hərbi hospitala müalicəyə göndərildi. Vəziyyəti bir qədər düzələndən sonra yenidən Murovdağdakı hərbi hissəyə qayıtdı. Lakin Murovdağdakı kəskin hava şəraiti onun vəziyyətinin yenidən ağırlaşmasına səbəb oldu. Və təkrarən Gəncədəki hərbi hospitala qaytarıldı. Orada bir müddət müalicə aldıqdan sona Əhlimana 10 günlük məzuniyyət verilib ki, valideynlərini – ailəsini gəlib görsün.

O, məzuniyyətə bizim yanımıza – həmin vaxt məskunlaşdığımız Kürdəmir rayonuna gəlmişdi. Evə çatanda vəziyyəti yenidən pisləşdi, aldığı yanıq xəsarətləri daxili orqanlarını ciddi şəkildə zədələdiyindən güclü müalicəyə ehtiyacı vardı. Biz isə o zamanlar hər şeyini itirən, doğma torpağından didərgin düşən insanlar olaraq onun müalicə xərclərini qarşılamaq imkanına malik deyildik.

Vəziyyəti pisləşən oğlum elə məzuniyyət dövründə – 1995-ci ilin yanvarında – bizim əhatəmizdə dünyasını dəyişdi.

Təəssüf ki, onun dünyasını dəyişməsinin səbəbi ölüm kağızında “kəskin ürək çatışmazlığı”, ölüm yeri isə “Kürdəmir rayonu” olaraq qeyd edildi. Oğlumun ölümü hərbi biletində “Xidməti vəzifəsini yerinə yetirərkən kəskin ürək çatışmazlığından həlak olub” kimi yazıldı.

O zamanlar heç nəyin fərqinə varmadım.

Çünki oğlumun ölümünün ardınca övlad itkisinə dözə bilməyən həyat yoldaşım Cəbrayıl Əhmədov da dünyasını dəyişdi. Və mən heç bir təhsili, işi-gücü olmayan, evsiz-eşiksiz qadın üç  azyaşlı uşaqla tək qaldım”.

Digər övladlarımı min bir əziyyətlə böyüdüb başa çatdıran Tanella Əhmədova vəfat edən hərbçinin anası, məcburi köçkün qadın olaraq kömək üçün vaxtilə heç kimə və heç hara müraciət etməyib.

“Təəssüf edirəm ki, uzun illər keçəndən sonra döyüşən hərbi hissənin tərkibində ölümcül xəsarət alaraq, məhz həmin səbəbdən dünyasını dəyişən oğlum Əhliman Əhmədovla bağlı haqq – ədalətin bərpa olunması üçün aidiyyatı qurumlara müraciət etdim.

Bütün hərbçi anaları kimi mən də ümdiliydim və haqq-ədalətin bərpa olunacağına inanırdım. Ancaq nə yazıq ki, belə olmadı, müraciətlərim cavabsız qaldı”, – Tamella Əhmədova bildirib.

Sinəsi dağlı ana Qarabağ müharibəsi iştirakçılarının problemlərinə həssas yanaşan, onları diqqətə saxlayan dövlət orqanlqarının onun da məsələsinə baxacağına ümidini hələ tam itirməyib.

Tamella Əhmədovanın xahiçi-istəyi oğlu Əhmədov Əhliman Cəbrayıl oğlunun məsələsinin araşdırılması, ona şəhid statusu verilməsidir.

Hərbçi oğlunu itirmiş ana illərdir səsinin eşidiləcəyinə ümid edir, dövlətdən kömək gözləyir.

A.Zeynalov

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Tacxeber.com

Oxşar xəbərlər