• 20 Sentyabr 2024 14:38

Ərdoğan və Putin arasında fikir ayrılığı: Durum dəyişir – Bakının adı çəkildi

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərlə bağlı qərar verməyə tələsmir. Halbuki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son telefon danışığından sonra Putinin bu ayın sonunda Ankaraya gələcəyini bildirmişdi. Kreml isə hələlik susur, səfər xəbərini təsdiqləmir.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Rusiya lideri niyə Türkiyəyə səfər qərarında tərəddüd edir?

Mərkəzin ekspertlərinə görə, bunun bir neçə səbəbi var:

“Birincisi, Rusiya Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, iki ölkə arasında fikir ayrılığı yaradan mövzular az deyil. Məsələn, Kreml Türkiyənin Ukraynaya PUA satmasından narazıdır. Türkiyə Ukraynaya nəinki PUA satır, üstəgəl, bu ölkədə dron istehsal edən zavodun tikintisinə yardım edir. Yəqin Putin düşünür ki, bu şərtlər altında Türkiyəyə səfər etsə, Ankaranın Kiyevə dəstəyinə göz yummaq məcburiyyətində qalacaq. Putin belə bir görüntünün yaranmasını istəmir.

Son günlər Rusiya-Türkiyə münasibətlərində suallar yaradan başqa hadisələr də baş verib. Kremlin Rusiya televiziya kanallarındakı rupor aparıcıları əvvəllər olduğu kimi Türkiyə əleyhinə açıqlamalar verirlər. Bundan başqa, Rusiya hərbçiləri Qara dənizdə üzən Türkiyənin ticarət gəmisinə basqın ediblər. Putinin birbaşa tapşırığı olmadan Türkiyənin gəmisinə basqın təşkil etmək mümkün deyil. Demək, Putin Türkiyə ilə ikili oynayır.

Bu vəziyyətdə Putinin Türkiyəyə səfərinin təxirə salınma ehtimalı var”.

Təhlildə vurğulanır ki, başqa variantlar da mövcuddur:

“Putin Ərdoğanı Soçiyə dəvət edə və ya görüş üçüncü ölkələrdən birində baş tuta bilər. Görüş yeri kimi Bakının adı hallanıb. İki ölkənin prezidenti Bakıda görüşərlərsə, bu, Azərbaycanın bölgədə artan roluna işarə olacaq. Ancaq görüşün Bakıda baş tutma ehtimalı yüksək deyil. Çünki belə görüntü yaranacaq ki, Putin və Ərdoğan arasında fikir ayrılığı o qədər dərinləşib ki, iki ölkənin lideri başqa ölkədə görüşməyə qərar verib. Belə bir görüntü hər iki liderin ziyanınadır. Ərdoğanın Putinlə görüşmək üçün Moskva və ya Soçiyə getməsi isə Türkiyə müxalifəti tərəfindən kəskin tənqid olunacaq. “Putin Ankaraya gəlməkdən imtina etdiyi halda Ərdoğan niyə Moskvaya gedir” sualı səslənəcək”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər