• 23 Noyabr 2024 02:17

Lavrovun Qarabağla bağlı yeni planı: “Onu “rus gəmisi”nin dalınca göndərmək lazımdır”

Lavrovun Qarabağla bağlı yeni planı: “Onu “rus gəmisi”nin dalınca göndərmək lazımdır”

“İnternetdə erməni mənbələrinə istinadən Sergey Lavrovun “Qarabağın Azərbaycana inteqrasiyası” ilə bağlı təkliflərini əks etdirən hansısa planı geniş tirajlanır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, bu “planın” bizim ictimai şüurumuza aşağıdakı tezisləri daxil etmək cəhdi olduğundan əmindir:

– “Qarabağ və onun nümayəndələri”nin danışıqlarda tərəf olması;

– əgər danışıqlarda tərəfdirsə, deməli, münaqişə tərəfidir;

– əgər danışıqlar aparılırsa, deməli, bu, davam edən konfliktin həll edilməsi cəhdidir;

– əgər Rusiya danışıqların mövzusunu təklif edirsə, deməli, bu, onun vasitəçi olması deməkdir;

– Rusiyanın vasitəçi olması – beynəlxalq formatdır, bu isə o deməkdir ki, bütün mümkün razılaşmalar beynəlxalq sənəd və zəmanət səviyyəsi alacaq, başqa sözlə, beynəlxalq status.

T. Zülfüqarov qeyd edib ki, guya üstünlük kimi qeyd edilənlərin bizə heç bir praktik xeyri yoxdur: “Çünki ilk danışıqlardaca “qarşı tərəf” “biz danışıqların tərəfdarıyıq, ancaq prinsip yalnız bu olmalıdır – xalqların öz müqəddəratını təyin etməsi” deyəcək… Və yenə Minsk Qrupu, amma danışıq tərəfi kimi Ermənistan deyil, “Dağlıq Qarabağ”… Ona görə də əgər doğrudan da belə təkliflər varsa, onu “rus gəmisi”nin dalınca göndərmək lazımdır”.

Qeyd edək ki, bu günlərdə Qarabağdakı erməni separatçıların rəhbərlərinin nümayəndələri Xankəndi ilə rəsmi Bakı arasında “sülh müqaviləsi” layihəsinin surətini yerli ictimai fəallara təqdim ediblər. Bu layihə ermənilərin Azərbaycanda yaşamasının hüquqi aspektlərini əks etdirir.

Onlar iddia edirlər ki, sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında xüsusi qeyd olunur ki, o, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər üçün nəzərdə tutulub.

“Arsaxpress”in məlumatına görə, “Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi “Arsax Prezidenti yanında Antiböhran Şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə təklif edib.

Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.

Bu layihəyə əsasən, Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir.

Rusiya Federasiyasının təklif etdiyi sənəd görə, yalnız hərbi cinayətlər törətmiş və məhkəmə tərəfindən cinayətkar kimi tanınmış Qarabağ erməniləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə məruz qala bilərlər. Azərbaycana qarşı müharibələrdə iştirak edənlər və separatçıların cinayətlərdə ittiham edilməyən məmurları cəzadan azad edilir.

Layihədə separatçıların Bakı ilə ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparmaq və Qarabağda ikinci erməni dövlətinin yaradılması ilə bağlı tələb etdiyi şərtlər yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər