“Fatimə məcburdur, üzr istəyəcək. Qanun qarşısında bunu edəcək. Çünki apellyasiya məhkəməsini də uduzub”. Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli “Mirinin dibçəyi” yutub layihəsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə yaşadığı qalmaqaldan danışıb:
“Məni klinikaya çağırdılar, reklam etməyimi istədilər. Mənə dedilər ki, necə gəlməyinizi soruşan olsa, deyin pul ödəmişəm. Qayıtdım ki, niyə? Məni özünüz çağırmısınız, nəyi gizlədək? Klinikanın böyüyü dedi ki, “sizin daşınız ağırdır. Bir rəqqasə var gəlmək istəyir. Bizdə müalicə alıb, gedəndən sonra da izləmədən çıxartdı. İndi yenə gəlmək istəyir, deyirik, yer yoxdur. Cavab verdi ki, mənim kimi gözəl rəqqasəni qoyub, niyə kobud Naziləni çağırırsınız?”. Onun haqqında ağzına gələni də söylədi. Amma adını çəkmədi. Mən də status paylaşdım. Mənim özümə də həmin rəqqasənin Fatimə olduğu sürpriz olub. Özü paylaşım etdi ki, Fatimədir. Fatimə ilə dərdim yoxdur. Ona da dedim ki, səhv etmisən. Üzr istəmə şansın var. Bütün hallarda məndən üzr istəyəcək. Deyir rəqs paltarı götürüb getmisən. Mən bu boyda çəkidə rəqs paltarını harama geyindim?
Həmin çıxışımdan sonra Fatimənin ətrafında olan insanların 90 faizi mənə zəng vurub “əcəb etdin” dedi. Pis oldum ki, deməli, məndən də ona deyirlər”.
Nazilə Fatimənin bir vaxtlar onunla özünün barışdığını söyləyib:
“Bir dəfə mənimlə danışmaya-danışmaya “Maşın şou”ya gəldi. Dedi ki, Naziləyə görə gəlmişəm. Bir dəfə də xına məclisi ondan çıxıb mənə gəlib. Zəng ediblər ki, Fatiməyə sifariş verdik, dünən qohumun toyunda oldu, xoşum gəlmədi. Sizi istəyirik. Ondan çıxıb, mən götürməsəm başqasına gedəcək. Götürmüşəm”.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla” sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.