Üst geyim alarkən gözəl görünmək üçün göstərilən diqqət alt paltar seçimində də mütləq göstərilməlidir. Rəng və model seçimi vacibdir, lakin alt paltarı alarkən sağlamlıq və gigiyena da nəzərdən qaçırılmamalıdır. Xüsusən qadınlar alt paltarı alarkən də diqqətli olmalı, düzgün seçim etməlidirlər.
Tacxeber.com Yenisabah.az-a istinadən alt paltarı alarkən diqqət yetirməli olduğumuz nüansları təqdim edir:
Mütəxəssislər qeyd edirlər ki, alt paltarı alarkən diqqət yetirməli olduğunuz ilk məqam parçanın materialıdır. Seçim zamanı pambıq kimi təbii və nəfəs alan parçalara üstünlük verilməlidir.
Sintetik parçalar cinsiyyət orqanının nəfəs almasına mane olur. Bu növ parça nəmi özündə saxladığı üçün xüsusilə yay aylarında maya infeksiyalarına səbəb olur. Digər parça növü olan polyester parçalar təri udmadıqları üçün sidik yollarının infeksiyasına səbəb olur.
Bəzi alt paltarları hətta xərçəngə də yol aça bilər. Məsələn, qadınların ən çox istifadə etdikləri model krujevalı və rəngli olanlardır. Bunlar qadınlarda xərçəng riskini artırır. Keyfiyyətsiz alt paltarı geyinmək, bu paltarların boyanmasında istifadə edilən kimyəvi məhsullar dəri xərçənginə səbəb olur. Belə ki, tərləyən zaman dəriylə təmas edən geyimlərin boyaları bədən tərəfindən əmilir, bu da zamanla dəri xərçənginə zəmin hazırlayır.
Mütəxəssislər daha çox pambıq və rəngsiz olan alt paltarların alınmasını məsləhət görür.
Bundan əlavə, dar olan alt paltarları sağlamlığa ziyandır. Çünki bədənə sürtünən dar alt paltarı həm dərini qıcıqlandırır, həm də reproduktiv orqanlara zərər verir.
Həmçinin büstqalter seçərkən düzgün “fincan” (büstqalter ölçüsünün A, B və ya C kimi hərflərlə göstərilən hissəsi birbaşa döş ölçüsünün həcmini göstərir), kürək və sinə ətrafına uyğun ölçünü seçmək lazımdır. Çünki büstqalterlərdə səhv ölçü seçimləri döş sallanmasından bel ağrılarına qədər bir çox fəsadlara yol aça bilər.
Səhv ölçüdə və ya sıx büstqalterlər qan dövranını əngəlləyib, nəfəs darlığına səbəb ola bilər. Bu da gün ərzində yorğunluq hissi verir.