• 20 Sentyabr 2024 11:24

“Bütün proses Rusiyanın əleyhinə işləyir” – Hərbi ekspert

“Tezliklə ciddi dəyişiliklər baş verəcək. Bu, hələ başlanğıcdır. Bütün proses Rusiyanın əleyhinə işləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Kiyevin cari ildə hərbi büdcəsinin 48,7 milyard, Qərbdən aldığı yardımın həcminin isə 30 milyard dollara çatmasını şərh edərkən deyib.

“Bu addımlar artıq çox şeyi dəyişib. Dünya səhnəsində Rusiyanın obrazı artıq kifayət qədər sarsılıb. Rusiya çətin duruma düşüb. Müharibə əslində Qərb-Rusiya müharibəsidir. Rusiya görün nə günə düşüb ki, yalnız aztəminatlı, aclıqdan əziyyət çəkən Afrika ölkələrilə əməkdaşlıq edir. Bütün bunlar onun iqtisadi və hərbi potensialına zərbə endirir”, deyə İbrahim Rüstəmli bildirib.

Ekspert qeyd edib ki, şimal ölkəsi artıq heç bir məhsulu sərbəst şəkildə istehsal etmək gücündə deyil:

“Bu ölkənin istehsal sahəsi ciddi problemlərlə üz-üzədir. Müharibə artıq Rusiya ərazisinə keçir. Artıq rus insanının da Ukraynaya qarşı təcavüzün nə olduğunu anlaması üçün müharibənin bir sıra elementləri Rusiya ərazisinə keçir. Ukrayna müharibədən qalib çıxacaq. Ən azından ona görə ki, beynəlxalq hüquq Ukraynanın tərəfindədir. Ukrayna öz ərazi bütövlüyü uğrunda mübarizə aparır”.

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Ukraynaya külli miqdarda vəsait göndərir. Ukrayna insanının özü də müharibəyə adaptasiya olunub. Ukraynanın beynəlxalq arenada mövqeyinin güclənməsi fonunda, Rusiyanın mövqeyi və dəstəyi isə azalır.

Ukraynanın baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkəsi bu ilin əvvəlindən Qərb ölkələrindən 30 milyard dollara yaxın maliyyə yardımı alıb. Bundan əvvəl baş nazir 2023-cü ildə Ukrayna büdcəsinin hərbi xərclərinin 48,7 milyard dollara çatacağını bildirib. Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin raket və mərmi istehsalına başladığını bildirib. Həmçinin, məlumatlara görə, Kiyev Vaşinqtonla vaxtilə ABŞ-ın İsraillə bağladığı müqaviləyə uyğun bir müqavilə bağlamaq qərarına gəlib ki, bu da Ukraynanın təhlükəsizliyində mühüm amil olacaq.

Tacxeber.com

Oxşar xəbərlər