• 20 Sentyabr 2024 01:38

“Komediya, gülüş bayağılaşıb, çəkilən 18+ filmlər uşaqlara hansı tərbiyəni aşılayacaq?”-FOTO

“Komediya, gülüş bayağılaşıb, çəkilən 18+ filmlər uşaqlara hansı tərbiyəni aşılayacaq?”-FOTO

 

“Bəzən yazırlar ki, nə qədər estetik əməliyyat keçirib, dodaqlarını şişirdib”

“ “Qaraca qız” filmi insanlarda, ələxsus da uşaqlarda tərbiyəvi hisslər formalaşdırır. Filmdə əsas mövzu dostluqdur. Təmənnasız dostluq. Film öyrədir ki, sən dostluq edəndə düşünməməlisən ki, o kasıbdır, bu varlıdır. Mən ziyalı və qadağalı bir ailədə böyümüşəm. Amma heç vaxt valideynlərimdən eşitməmişəm ki, sürücünün, yaxud da qapıçının övladı ilə dostluq etmə. Valideynlərim heç vaxt mənə insanlar arasında fərq qoymamağı mənə öyrədib. Mən də övladlarıma bunu aşılamışam. Sidq ürəkdən dostluq etmək, onu istəmək lazımdır. Bu baxımdan “Qaraca qız” çox mənalı kinodur. İndi heç dostluqlar da qalmayıb. Dost dostuna sirrini deyir, dava edən kimi açıb danışırlar. Fikirləşirlər ki, filankəslə dostluq edib, ondan necə istifadə edə bilərəm?!”

Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi-Leyli Axundova deyib. O daha sonra müasir dövrdə çəkilən filmlərdən danışıb.

“Vallah, bəlkə mən bilmirəm, siz jurnalistsiniz, bunu məndən yaxşı bilərsiniz. Bu gün uşaq filmləri çəkilir? Bəlkə də çəkilir, amma mən görməmişəm. Hərhalda çəkilsəydi görərdik. Çəkilənlər ancaq 18+ filmləridir. Bu filmlər uşaqlara hansı tərbiyəvi mövzuları aşılayacaq?! Kommersiya filmləri çəkilir, özü də hamısı komediya janrında. Komediya da, gülüş də bayağılaşıb. Ssenarilər yox, rejissor yox, operator yox! Bunlar yox olan yerdə necə kino var ola bilər?!” deyə sənətçi bildirib.

Leyli Axundova baxımlı olmağından da danışıb.

“Dünyada çirkin qadın yoxdur. Qadınların hər biri gözəldir. O qadın ki, öz ailəsini, övladını sevir, o heç vaxt çirkin ola bilməz. Bəzən yazırlar ki, bu nə qədər əməliyyat keçirib, dodaqlarını şişirdib. Vallah mən uşaq olanda da dodaqlarım belə olub. Gözəllik genetikdir, onu sonradan qazanmaq olmur. Olsa belə o dəqiqə hiss olunur ki, bu gözəlliyi ona Allah yox, estetik əməliyyatlar bəxş edib” deyə sənətçi bildirib.

Oxşar xəbərlər