• 05 Dekabr 2024 05:37

Toylarla bağlı israfçılıq qadağası absurddur, bu, xəstəlikdir” – Fazil Mustafa

Çeçenistan Müsəlmanlarının Ruhani İdarəsi “Toy şənliklərinin keçirilməsinin məcburi normaları” adlı sənəd dərc edib. Yeni qaydalara əsasən, kürəkən, qayınata, qayınana və başqalarına bahalı hədiyyələr vermək qadağandır.

Həm də kürəkən tərəfindən ziyarət zamanı hədsiz hədiyyələr vermək də məhdudlaşdırılır.

Yeni qayda islam dininə və çeçen adətinə uyğun gəlməyən israfçılıqla əlaqələndirilib.

Azərbaycanda da toy adətlərinin günü-gündən daha dəbdəbəbli hal aldığını nəzərə alsaq, bu cür qaydaların ölkəmizdə də tətbiqi məsələsi gündəmə gəlir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Fazil Mustafa hesab edir ki, dünyəvi dövlətdə belə qaydaların dini qurumlar tərəfindən tətbiqinə yol vermək olmaz:

“Heç bir halda bu kimi məsələlərin hansısa dini cəmiyyətlər, idarələr tərəfindən yönləndirilməsinə yol vermək olmaz. Təbii ki, dini qurumların tövsiyəsi vacibdir, amma bütövlükdə belə bir qərarın dünyəvi dövlətdə ancaq dövlət müəssisələri tərəfindən qəbul olunması daha məqsədəuyğundur. Yəni Çeçenistanda qəbul olunsa belə, orada dünyəvi dövlətdən daha çox dini model önə çıxmaqdadır. Bizdə isə dünyəvi dövlətdir”.

Deputat bu cür qərarın tətbiqinin absurd olduğunu düşünür. Onun sözlərinə görə, israfçılığa yol vermək mədəniyyət problemidir:

“Siz lap qərarı qəbul etsəniz də, adam israfçılığı həyatının məqsədinə çeviribsə, borc alaraq, kreditlə bahalı maşın almağı, yaxud da yaşamadığı kvadratdan 10 dəfələrlə atıq ev tikməyi, yaxud da böyük əraziləri hasarlayıb qəsrə çevirməyi milli mentalitetin ayrılmaz parçasına çeviribsə, bunu necə dəyişmək olar? Bunu əmrlə, filanla dəyişmək olmaz. Bunu ancaq yüksək vergi qoymaqla, yaxud da müəyyən iqtisadi sanksiyalarla həll etmək olar. Ona görə də bu kimi məsələlərdə israfçılıqla bağlı dövlət özü mübarizə aparmalıdır. Hər halda sovet dövrü, totalitar sistem qaydaları içərisində bunu öznəməxsus şəkildə həll etmişdi. Yəni normadan artıq, standartlardan kənara çıxan toylara, tədbirlərə görə vəzifəli şəxslərin ifşa olunması, cəzalandırılması istiqamətində addımlar atırdı. Amma indi vəzifəli şəxs anlayışı yoxdur, cəmiyyət anlayışı var. Çox vaxt vəzifədə işləyəni işləməyənindən daha yoxsuldur. Belə bir vəziyyətdə bunu tətbiq etmək mümkün deyil. Bu, yalnız bizim mədəni problemimizdir, mədəni komponentimizin aşağı olması, natamamlıqla bağlı məsələdir. İndi kimsə insanı məcbur etmir ki, get, yasda bu qədər vəsait xərclə. Yoxsulu da eyni qaydadadır, zəngini də. Bu xəstəlik hamını bürümüş vəziyyətdədir. Ona görə də bunu ancaq mədəni komponentin inkişaf etməsi və insanların maariflənməsi ilə həll etmək mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər