“Əgər dronların Baltikyanıdan buraxılması müəyyən edilərsə, bu, birbaşa təcavüz demək olacaq və siyasi landşaftı dəyişəcək…”
“Bu, Rusiya əhalisinin diqqətini cəbhədə və ölkə daxilində itkilərdən yayındırmaq məqsədini güdür…”
Rusiya Pskova görə, nədənsə, Ukraynadan deyil, Baltikyanıdan qısas almağa çağırış edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “newizv.ru” nəşri yazıb.
Bu zaman rusiyalı blogerlər, təbliğatçılar və məmurlar ərazisində qəsbkarlıq müharibəsini aparan ölkəni deyil, Rusiyanın qərb qonşuları olan Baltikyanı dövlətlərini cəzalandırmağa çağırış edir.
O cümlədən, Rusiya Dövlət Dumasının nəzarət üzrə komitə rəhbəri Oleq Morozov “Radiotoçka HCH” Teleqram-kanalında bəyan edib ki, Baltikyanı ölkələri Rusiya tərəfindən ciddi, o cümlədən hərbi cavab gözləyə bilər.
“Əgər dronların Baltikyanıdan buraxıldığı müəyyən edilərsə, bu, bütün siyasi landşaftı dəyişəcək, çünki bu, birbaşa təcavüzdür.
Bu, bizim Baltikyanı dövlətlərlə sərhədlərimizdə və ümumiyyətlə bu ölkələrlə davranışımızda əsaslı dəyişikliklərə gətirib çıxaracaq ciddi siqnal ola bilər”, – o, deyib.
Kreml təbliğatçısı Vladimir Solovyov özünün “Tam təmas” şousunda Litva, Latviya və Estoniyanı cəzalandırmağa birbaşa çağırış edib.
“Baltikyanını məhv etmək, Yer üzündən silmək və cəhənnəmə vasil etmək lazımdır”, – o, deyib.
Solovyovun sözlərinə görə, Pskova hücumu müharibə elan edilməsi hesab etmək olar, “bu isə o deməkdir ki, cavabında nüvə silahı işlənməlidir”.
Latviya bu gümanlar və çağırışlara artıq münasibət bildirib. Ölkənin müdafiə naziri İnara Murniyetsenin sözlərinə görə, Rusiyanın cəbhədə uğursuzluğa düçar olan xaman müxtəlif vəziyyətlərdə NATO üzvlərini “xarici düşmən” kimi ittiham etməsi təəccüblü deyil.
“Dünən gecə Pskovda baş verən hadisədə Latviyanın əli olması barədə iddialar cəfəng uydurmadır, böyük ehtimalla, Rusiya əhalisinin diqqətini Rusiya ordusunun cəbhədə itkilərindən, habelə Rusiyanın hərbi texnikası və infrastrukturunun məhv edilməsi nəticəsində ölkə daxilində itkilərdən yayındırmaq məqsədini güdür”, – “Delfi” qəzeti nazirin sözlərindən iqtibas gətirib.
Murniyetsenin sözlərinə görə, regional təhlükəsizliklə bağlı vəziyyəti kəskinləşdirmək üçün dezinformasiya kampaniyasına Latviyanı ilk dəfə deyil ki, pərçim etməyə cəhd edilir.
Latviyanın sabiq müdafiə naziri Artis Pabriksin fikrincə, Rusiya məmurları və təbliğatçılarının Baltikyanı ölkələrin Pskov hava limanına basqınlarda əli olduğu barədə bəyanatları onu göstərir ki, Rusiya özünün qərb qonşularına qarşı yeni kampaniyaya başlayır.
Xatırladaq ki, avqustun 30-a keçən gecə Pskov beynəlxalq hava limanına PUA-larla hücum edilib. Rəsmən təsdiqlənməyən son məlumatlara görə, iki İl-76 hərbi-nəqliyyat təyyarəsi məhv edilib, daha dörd ədədi zədələnib.
Həmçinin dronlardan biri hava limanı ərazisində yerləşən yanacaqdoldurma kompleksinə düşüb, bundan sonra güclü yanğın başlayıb. Rəsmi Moskva bu hücumlarda Ukraynanı ittiham edib.
Bundan başqa, Rusiyanın daha bir neçə regionu, o cümlədən Moskva vilayəti hücumlara məruz qalıb. Bryanskda ən azı altı dron qeydə alınıb.