• 21 Sentyabr 2024 06:44

1 sentyabr 1983-cü il, Cənubi Koreyanın Korean Air Lines (KAL) şirkətinə məxsus, səhvən SSRİ ərazisinə girən sərnişin təyyarəsi sovet hərbçiləri tərəfindən vuruldu.

1 sentyabr 1983-cü il, Cənubi Koreyanın Korean Air Lines (KAL) şirkətinə məxsus, səhvən SSRİ ərazisinə girən sərnişin təyyarəsi sovet hərbçiləri tərəfindən vurulur, təyyarədəki 269 nəfərin hamısı həlak olur.

Boinq-747 Nyu York – Ankoric – Seul marşrutu ilə hərəkət edirdi. Təyyarədə 246 sərnişin və 23 heyət üzvü vardı. Reys avqustun 31-də Nyu Yorkdan başladı. Alyaska ştatının Ankoric şəhərindən isə sentyabrın 1-də yerli vaxtla 03:00-da havaya qalxdı.

Təyyarə SSRİ ərazisinə girmədən Sakit Okeanın şimal hissəsi, Yaponiya və Yapon dənizi üzərindən Cənubi Koreyaya uçmalı idi. Marşrutun axırıncı hissəsi qövsvari olacaqdı.

Amma o zaman aydın olmayan səbəblərdən təyyarə uçuşun əvvəlindən marşrutdan kənara çıxmağa başladı və demək olar, düz xətlə Ankoricdən Seula uçdu. Nəticədə SSRİ ərazisinə daxil oldu. Həmin rayonlarda isə sovetin məxfi hərbi obyektləri yerləşirdi.

Havaya qaldırılan Su-15 qırıcı-yaxalayıcı təyyarəsi bir müddət təyyarəni müşayiət etdi və xəbərdaredici atəş açdı. Amma güllələr işıqsaçan olmadığından pilotların onları sezmək ehtimalı yox idi. Qırıcı özü də pilotların vizual sahəsində deyildi.

18.24-də təyyarəni vurmaq əmri verildi. Pilot iki raketlə atəş açdı. Biri yan keçdi, digəri isə quyruq hissənin yanında partlayaraq idarəetmə sistemlərini məhv etdi. 18.28-də təyyarə okeana düşdü.

Moskva uçuşun kəşfiyyat məqsədilə bilərəkdən sovet ərazisi üzərindən aparıldığını iddia edərək atəş açılmasına haqq qazandırdı.

İki aydan sonra sovet dalğıcları Boinqin qara qutularını tapdılar və aydın oldu ki, hadisənin səbəbi pilotların səhvi olub: onlar avtopilota səhv koordinatlar yerləşdiriblər. Amma Moskva qara qutuları tapdığını SSRİ dağılana qədər etiraf etmədi.

Beynəlxalq mülki aviasiya təşkilatı (İCAO) bu versiyanı əvvəldən əsas sayırdı, amma sübuta malik deyildi. Qara qutular 1993-cü ildə Boris Yeltsinin göstərişi ilə təşkilata verildikdən sonra versiya təsdiqləndi.

Həlak olan sərnişinlərdən biri ABŞ konqresmeni Larri Makdonald idi.

İnsident Əfqanıstana təcavüzdən sonra gərginləşən ABŞ-SSRİ münasibətlərini daha da pisləşdirdi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər