• 28 Noyabr 2024 23:40

“Televiziyaların başında duranların əksəriyyəti “TikTok”dakılardan daha səviyyəsizdir” 

“Televiziyaların başında duranların əksəriyyəti “TikTok”dakılardan daha səviyyəsizdir” 

“Mən “TikTok”un bağlanmasıyla bağlı təblərə pis baxıram. Düzdür, Çinin paylaşdığı sosial şəbəkədir və orada insanlar öz fikirlərini deyib, şikayətlərini çatdıra bilirlər. Orada da normal istifadəçilər mövcuddur ki, onlar normal video paylaşıb azad fikirlərini söyləyə bilirlər. Ona görə də “TikTok” önəmlidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış şoumen, aparıcı Kamran Həsənli deyib.

O, bəzi “TikTok”erlərin televiziyalara dəvət almasının sosial şəbəkələrdə və ictimaiyyətdə tənqid olunmasının səbəblərinə toxunub.

“O ki qaldı “TikTok”dakı səviyyəsiz məqamlara, o məqamlar elə televiziyanın son illərdə yetişdirdiyi insan məhsullarıdır ki, orada özlərini göstərirlər. Bu gün televiziyamız “TikTok”dan daha səviyyəsizdir. Hətta televiziyanın başında oturanlar, habelə oradakı işçilərin çox böyük əksəriyyəti elə “TikTok”da gördüyümüz səviyyəsiz adamlardır. Bunun üçün də onlar öz taylarını “TikTok”dan efirə gətirirlər. Guya əvvəllər “TikTok” olmayanda onlar efirə səviyyəli adamlar çıxarırdılar?”, – o, əlavə edib.

Müsahibimizin fikrincə, bu adamlar səviyyəli şəxsləri, peşəkarları, mütəxəssisləri televiziyadan kənarlaşdırmağı bacardılar:

“Buna görə də televiziyamız bu gün “TikTok”dan daha səviyyəsizdir. Çünki “TikTok”da heç olmasa azad söz var, kimsə orada öz düşüncələrini, intellektini göstərə bilir. Televiziyada isə düşüncə və intellekt qadağandır. Məsələ budur”.

Onun sözlərinə görə, “TikTok”dakı adamların məşhurluq əldə edib televiziyalara ayaq açması məsələsində iki vacib element var:

“Bəzən olur ki, insan məşhurdur, amma qeyri-dəhşətli populyardı. Ola bilər ki, sən – mədəni formada deyəcəyəm – hansısa halqayabənzər əşya kimi insanlar arasında məşhursan. İndi nə olsa da, əsas odur ki, məşhursan və hamı bilir ki, sən halqaya oxşayan əşyasan. Yaxud da normal, intellektual, milli düşüncəli və cəsarətli adam kimi məşhursan”.

“Televiziyada bunu anlaya bilmirlər. Onlar halqayabənzər əşya kimi məşhurlaşıb özlərinə reytinqli deyirlər. Bunların üzlərinə tüpürsələr belə, deyəcəklər ki, əsas odur ki, camaat baxır. Ona görə də məşhurluğun fərqini bilmək şərtdir. Lakin televiziyalarımız yaratdıqları məhsulda bu fərqi bilmək istedadından məhrumdurlar”, – Kamran Həsənli fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər