• 28 Noyabr 2024 15:26

Rahim Hacıyev: “Hakimiyyət de-yure birpartiyalı sistem yaradır”

Azadlıq qəzetinin mühacirətdəki redaktoru, siyasi şərhçi Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun barədə danışıb. Hacıyev hakimiyyətin yeni qanunla ölkədə de-yure birpartiyalı sistem qurmaq istədiyini qeyd edib.

Rahim bəy, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun tətbiq edildikcə, bununla bağlı narazılıqlar daha da artır. Hazırda Azərrbaycanda bu istiqamətdə vəziyyət nə yerdədir?

 Azərbaycanda onsuz da faktiki birpartiyalı sistem mövcud idi. Əslində, Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətin inzibati strukturu kimi formalaşmış bir təşkilatdır. Hər halda formal da olsa, partiya adını daşıyır. İndi problem ondan ibarətdir ki, hakimiyyət siyasi partiyalar haqqında yeni qanunla Azərbaycanda de-yure birpartiyalı sistem qurmaq istəyir. Necə ki, 70 il Sovet İttifaqında, o cümlədən Azərbaycanda birpartiyalı sistem olub, o mərhələyə, Azərbaycanı keçmiş dövrə qaytarmaq istəyi açıq-aşkar hiss olunur. Bu qanunun qəbulundan da görünür ki, məqsəd budur.

Guya partiyalara vaxt verildi, partiyalar üçün reyestr düzəldildi, bütün bunlar təbii ki, qanunsuzdur və siyasi fəaliyyətin, müxalif partiyalarının fəaliyyətinin qarşısını almaq üçündür. Çünki birinci mərhələdə hakimiyyətin gerçək niyyəti özünü büruzə verdi. Bunun arxasınca da İlham Əliyev yenidən qanunvericiliyə çox mürtəce dəyişikliklər edib. Həmin dəyişikliklər mövcud pis vəziyyətin daha da pisləşəcəyinə işarədir. Çünki İlham Əliyevin imzaladığı sənədlə qeydiyyatdan keçməyən, yəni hökumətin tanımadığı müxalifət partiyaları və onların nümayəndələri ağır maliyyə sanksiyaları ilə üzləşəcək. Bu onu göstərir ki, hakimiyyətin müxalif partiyaları sıradan çıxarmaq, növbəti mərhələdə ağır maliyyə sanksiyaları tətbiq etməklə onların fəaliyyətini tamamilə dayandırmaq üçün radikal bir qərarı var. Siyasi fəaliyyət imkanlarının onsuz da çox məhdud olduğu şəraitdə müxalifətə vurulacaq çox ağır zərbə olacaq.

Yerli və beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Azərbaycanda siyasi azadlıqların və ümumiyyətlə siyasi fəaliyyətin kəskin şəkildə məhdudlaşdırıldığı qeyd edilir. Bu prosesin sonunu necə görürsünüz?

Çox pessimist bir əhval-ruhiyyə yaranmaqdadır. Uzun müddət faktiki birpartiyalı sistem mövcud olan ölkədə hakimiyyətin de-yure birpartiyalı sistemə keçməsi ölkənin ilk növbədə konstitusiyasına, siyasi plüralizmi təsbit edən qanunvericiliyə kobudcasına zidd olan amildir. Digər tərəfdən də bu Azərbaycan parlamentinin müxtəlif zamanlarda insan hüquq və azadlıqları ilə bağlı ratifikasiya etdiyi beynəlxalq konvensiyalarla daban-dabana ziddir. Bu onu göstərir ki, İlham Əliyevin rəhbərlik etdiyi hökumət çox pis plan hazırlayıb, həyata keçirmək istəyirlər. Beynəlxalq cəmiyyətin, demokratik dünyanın dəstəyi olmayacağı, Azərbaycan cəmiyyəti ciddi mübarizəyə qalxmayacağı halda Azərbaycanda müxalifətçiliyin ümumiyyətlə mövcud olmayacağı bir vəziyyətə gələ bilərik. Türkmənistanda tətbiq edilən ssenarinin Azərbaycanda reallaşmasının şahidi ola bilərik.

Vəziyyətin yaxşılaşması üçün hansı addımlar atıla bilər və beynəlxalq ictimaiyyətin bu istiqamətdə hansı təsirləri ola bilər?

Ən azı Azərbaycan Avropa Şurası üzvüdür və Avropa Şurası demokratik dəyərlərə hörmət edən, onları dəstəkləyən bir təşkilatdır. Üzv ölkələrdə demokratik institutların möhkəmlənməsi, demokratik dəyərlərin yayılmasına çalışan Avropa Şurası Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nəzarət etməyə borcludur. Demokratik Qərb Azərbaycanda yaranan bu qorxunc vəziyyətə qarşı adekvat addım atmağa borcludur. Azərbaycanın ciddi iqtisadi əlaqələri var. İlk növbədə Avropa ölkələri ilə. Dəfələrlə Avropa ölkələri, Avropa Parlamenti, eləcə də ABŞ Konqresi və Dövlət Departamenti Azərbaycandakı vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər, amma bütün bunların ciddi bir təsiri olmayıb. Bu halda onların Azərbaycanda vəziyyətin yaxşıya doğru inkişafı üçün çox sərt addımlar atması tələb olunur. Əks halda vətəndaşların hüquqlarına heç bir hörmət nümayiş etdirməyən hökumətin qarşısını almaq mümkün olmayacaq. Hakimiyyətin apardığı repressiyaların başlıca məqsədi də etiraz ocaqlarını söndürmək, aradan qaldırmaq və bununla da Azərbaycanı Türkmənistana çevirmək. Bu isə əlbəttə demokratik dünyadan daha sərt, adekvat addımlar atmağı tələb edir ki, Azərbaycan hakimiyyəti pis niyyətlərindən əl çəkmiş olsun. (Amerikanın sesi)

Tacxeber.com

Oxşar xəbərlər