• 28 Noyabr 2024 13:36

Mikoyanın qudasına görə güllələnən birinci katib – ermənilərin ŞOK “şou”ları

 

Leninin dövründən başlamış Mixail Qorbaçovun hakimiyyət illərinə qədər Kreml mühiti həm ölkə vətəndaşlarına, həm də xarici ölkələrin ictimaiyyətinə “mehriban” təqdim edilsə də, 70 il ərzində SSRİ-nin siyasi elitasında pərdəarxası oyunlar, qruplaşmalar arasında intriqalar səngiməyib.

Kreml “oyunçuları” arasında qaliblər də olub, məğlublar da. O cümlədən ən mahir siyasi oyunbazlar Kreml intriqaları tarixində özlərinə məxsus iz qoyublar. Onlardan biri də uzun illər SSRİ rəhbərliyində yüksək vəzifələr tutan Anastas Mikoyan olub.

mikoyan.jpg (14 KB)

Siyasi fəaliyyətində öz şəxsi maraqlarına və ermənilərə hamilik missiyasına daha çox üstünlük verən Mikoyan hətta sovet dövrünün ən mürəkkəb bir dönəmində, repressiyaların tüğyan etdiyi 1937-ci ildə də öz iyrənc oyunlarından əl çəkməyib. Bu dəfə o, öz qudasına görə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Amatuni Vartapetyanı güllələtdirməyə də nail olub.

Bir az əvvələ qayıdaq. Hələ 1936-cı ilin iyul ayında Ermənistanın birinci katibi Ağasi Xanciyan Zaqafqaziya Birləşmiş Respublikalarının birinci katibi Lavrenti Beriyanın qəbuluna gələrək, ondan Gürcüstanın Cavaxetiya bölgəsinin Ermənistana verilməsini xahiş edib. Erməni katib Beriyanın kabinetinə əliboş gəlməyib, özü ilə qədim fars xalçası da gətirib. Bu hədiyyə və Xanciyanın xahişi Beriyanı o dərəcədə qəzəbləndirib ki, o, iş masasının siyirtməsindən tapançanı çıxararaq Xanciyanı kabinetdəcə güllələyib, onu gətirdiyi xalçaya bükərək şəhər kənarındakı quyuya atıblar. Xanciyanın ölüm səbəbi ictimaiyyətə, o cümlədən Kremlə intihar kimi təqdim edilib. Bu hadisədən sonra Lavrenti Beriya Ermənistanın ikinci katibi Amatuni Vartapetyana Xanciyan haqqında geniş bir arayış yazmağı göstəriş verib. Vartapetyan bu tapşırığı böyük həvəslə icra edib, o, Xanciyan haqqında yazdığı 12 səhifəlik arayışda onu xalq düşməni adlandırıb, antisovet fəaliyyətdə, trotskiçi olmaqda günahlandırıb. Bununla da Xanciyan məsələsinə birdəfəlik son qoyulub.

Beriyanın dəstəyi və təşəbbüsü ilə Vartapetyan Ermənistanın birinci kürsüsünə sahib olub. Bu təyinat Mikoyanın ürəyincə olmasa da, o, Beriyanın iradəsinə zidd getməyib. Mikoyan Ermənistanın birinci katibi vəzifəsində öz qudası Qriqori Arutinovu görmək istəyib və o, bu istəyini reallaşdırmaq üçün bir müddət gözləməli olub.

Arutunyan.jpg (51 KB)

Vartapetyanın fəaliyyəti Ermənistana rəhbərlik etdiyi ilk aylardan Kremli və şəxsən İosif Stalini qane etməyib. Mərkəzi Komitəyə Ermənistandan daxil olan çoxsaylı məktublarda şikayətlərin arası səngiməyib. O, Ermənistanda prokurorluğun və güc strukturlarının fəaliyyətini minimum həddə qədər məhdudlaşdırıb. Ölkənin əsas qurumlarından biri sayılan “NKVD”nin səlahiyyətlərini öz əlinə götürüb, şəxsi zəmində problemi olan insanları repressiya siyahılarına salmaqla qisas alıb. Kadr islahatlarına xüsusi yer ayıran Vartapetyan yüksək vəzifələrə ən yaxın adamlarını təyin edib. Respublikanın bütün sahələrində onun mütləq hakimliyi qabarıq şəkildə özünü büruzə verib.

Sözsüz ki, Vartapetyan haqqında yaranmış mənfi fikirlər Mikoyana qudasının məsələsini həll etməyə yeni imkanlar açıb. Stalinin Vartapetyana olan mövqeyini yaxşı bilən Mikoyan Mərkəzi Komitənin iclaslarında onunla bağlı məsələ qaldırıb. Bu məsələdə Mikoyan ikibaşlı oyuna girişib. Birinci planı bu olub ki, Vartapetyanı tənqid etməklə Stalinə xoş gəlsin. İkinci planı isə Vartapetyanı vəzifədən uzaqlaşdırmaqla öz qudasını – Arutinovu birinci katib vəzifəsinə gətirsin.

Mikoyan öz planlarını böyük “ustalıqla” gerçəkləşdirib. Belə ki, 1937-ci ilin sentyabrında Mikoyan Stalinin razılığını alaraq Ermənistana səfər edib. Georgi Malenkov da Mikoyanla birlikdə İrəvana yola düşüb. Gözlənilməyən qonaqların gəlişi ilə təcili plenum çağırılıb. Respublikadakı vəziyyət müzakirə edilib, Mikoyan və Malenkov Amatuni Vartapetyanın fəaliyyətini kəskin tənqid ediblər. Birinci katib kürsüyə çıxaraq Moskva nümayəndələrinin ittihamlarının əsassız olduğunu bildirib, Kremlin Ermənistana bu cür münasibətini qərəzli sayıb. Bu çıxışla da Vartapetyan özü öz siyasi karyerasına son qoyub. Plenumdan sonra bütün Ermənistan rəhbərliyi, birinci katib, ikinci katib, xalq komissarları sovetinin sədri və bir sıra yüksək vəzifəli şəxslər həbs ediliblər. Vartapetyanın siyasi fəaliyyətini araşdırmaq isə “NKVD”yə həvalə olunub.

obrezka .jpg (101 KB)

Bir ilə yaxın davam edən istintaqdan sonra cinayət işi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdim olunub və məhkəmənin hökmü ilə Vartapetyan əks-inqilabi fəaliyyətdə ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

Bununla da Mikoyan öz istəyinə nail olub. Tiflis Partiya Komitəsinin birinci katibi, Beriya ilə dost münasibətində, Mikoyanla isə quda olan Qriqori Arutinov Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib seçilib. Arutinov Beriyanın və Mikoyanın himayəsi altında 1953-cü ilə qədər Ermənistanda öz birinciliyini qoruya bilib. Stalinin vəfatından, Beriyanın həbsindən sonra isə Mikoyan təkbaşına onu müdafiə edə bilməyib. Arutinov birinci katib vəzifəsini təhvil verdikdən sonra özünə çətinliklə iş tapıb. Sabiq birinci katib kolxoz sədri işləməyinə də razılıq verərək siyasi səhnədən birdəfəlik uzaqlaşıb.

Qeyd edək ki, Mikoyanın diktəsi ilə Arutinov Mərkəzi Komitə rəhbərləri qarşısında “Dağlıq Qarabağ” məsələsini bir neçə dəfə qaldırıb. Amma qudaların torpaq cəhdi baş tutmayıb.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər