• 26 Noyabr 2024 08:50

Məhkəmə sistemi ağır vəziyyətdədir.

Sübhan Həsənli

İntihar edən hakimlə bağlı haqqlı olaraq insanlar onun verdiyi qərarlar üzərindən qiymətləndirmə apardılar. Çünki hakimlər öz qərarları ilə danışırlar.

Məsələnin digər tərəfi isə, hakimlərin iş yükü və fəaliyyətləridir. Sirr deyil ki, hakim sayına görə Azərbaycan həmişə Avropa Şurasına üzv dövlətlər arasında sonuncu pillədə qərarlaşıb. 3 aprel 2019-cu ildə, Prezidentin sərəncamında hakim sayının 200 nəfər artırılması nəzərdə tutulsa da, həmin dövrdəki hakim sayı ilə indiki arasında çox fərq yoxdur (hazırda 575 hakim var həmin dövrdə də səhv etmirəmsə 568).

Nəticədə nə baş verir? Hakimlər həftə içi, həftəsonu ancaq qərar yazmaq yaxud yazdırmaqla məğuldurlar. Gündə 30-40 işə baxan hakim var. Təsəvvür edirsiz? Gündə 2-3 adamın dərdinə qulaq asanda yoruluruq. Bu iş yükü nəticəsində baxılan işlərdə və çıxarılan qərarlarda keyfiyyət də olmur çox vaxt. Hələ üstəlik hakimlərə gələn vaxtaşırı yoxlamalar, sorğular, iradlar. Bir tərəfdən Məhkəmə Hüquq Şurası bir tərəfdən Ədliyyə Nazirliyi. 2000-ci ildən başlayaraq qanunun dəyişdirilərək hakimlərin müstəqilliyinin çox-çox azaldılması da bu işin bir tərəfidir.

Deyə bilərsiniz ki, hakim bu qədər rüşvət alır zəhmət çəksin işləsin. Amma bu dediyim məsələlər və ümumi yanaşma gətirib belə bir əndrabadi sistem yaradıb. Əsəb, gərginlik, stress hamısı da onların və məhkəmə işçilərinin üzərindədir. Ona görə də, gənclər də gəlib biraz işləyib çıxıb gedir. Çünki o qədər iş yükü və gərginliyə dayanmaq mümkün deyil.

Sual oluna bilər ki, hakimlərin sayı niyə artırmır bəs? Bilirsiniz ki, hakim keçmək üçün 6-7 mərhələdən keçirsən. Adam var ki, 4-5 mərhələdə kəsilir (1 il 1 il yarım gedir). Bütün bunların səbəbi seçiləcək hakimin sonradan problem yaratmaması üçündür. Ona görə də, araşdırmalar çox ciddi və detallı aparılır. Məsələn adamın qohumunun qohumu bir işə qarışıbsa (hələ siyasini demirəm) seçilmir. Ona görə də prosess uzanır. Yoxlamasa da, sabah məsələn hansısa siyasi motivli işdə, yaxud da başqa maraq kəsb edən məsələdə problem yarana bilər və bunun məsuliyyətini heç kim götürmək istəmir. Hətta artıq bir çox hakimdə vəkil olmaq marağı artıb. Çünki, vəkillik daha sərfəli və qismən sərbəstdir. Bu problemlər nəticədə hakimdən daha çox vətəndaşa təsir edir. Aylarla gedən nəticəsiz işlər, çıxarılan keyfiyyətsiz qərarlar və pozulan hüquqlar. Bu məsələ həll edilməlidir ki, heç olmasa mülki, inzibati işlərdə normal qərarlar çıxsın. Bu qədər iş yükünü 575 adamın çiyninə qoyub effektiv ədalət mühakiməsi aparmaq mümkün deyil.

Tacxeber.com

Oxşar xəbərlər