“Muzdlulara birdəfəlik 5 min dollardan artıq ödəniş və 2 min dollaradək aylıq əmək haqqı vəd edilir…”
“Rusiyada Mərkəzi Asiyadan olan 6 milyon miqrant yaşayır və bu, artan itkilər şəraitində əlavə insan resursları əldə etməyə imkan verir…”
Kreml 2024-cü ilin prezident seçkiləri ərəfəsində əhalinin səfərbər edilməsi üzrə qeyri-populyar tədbirlərdən yan keçməyə can atır, buna görə də Ukraynaya qarşı müharibəyə Mərkəzi Asiya və qonşu ölkələrin sakinlərini cəlb edir.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, iyunun sonunda Ermənistanda və Qazaxıstanda Rusiya ordusuna xidmətə qəbul haqqında elanlar dərc edilib.
Muzdlulara birdəfəlik 495 min rubl (5 135 $) və 190 min rubl (1 970 $) məbləğində aylıq əmək haqqı vəd edilib.
“Bundan başqa, may ayından başlayaraq, Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlar cəlb edilir və onlara yüksək əmək haqqı (4 160 $) və tez bir zamanda Rusiya vətəndaşlığının alınması vəd edilir”, – hesabatda deyilir.
Həmçinin hərbi xidmətə zorla cəlb edilməsi barədə məlumatlar daxil olur.
Məsələn, işğal edilmiş Mariupolda Özbəkistandan olan inşaatçı-miqrantların oraya ayaq basan kimi pasportları əllərindən alınıb və Rusiya Silahlı Qüvvələrinin sıralarına daxil olmağa vadar edilib.
“Rusiyada Mərkəzi Asiyadan olan ən azı altı milyon miqrant yaşayır və Kreml, ehtimal ki, onlara potensial rekrutlar kimi baxır”, – Britaniya kəşfiyyatı qeyd edib.
“Əcnəbi vətəndaşlardan istifadə etmək Kremlə artan itkilər şəraitində əlavə insan resursları əldə etməyə imkan verir”, – hesabatda deyilir.
Avqustun sonunda britaniyalı hərbi analitiklər bu nəticəyə gəlib ki, ölkənin kasıb regonlarından olan rusiyalılar üçün yüksək ödənişlər və əlavə güzəştlər Rusiya Silahlı Qüvvələri sıralarına daxil olmaq üçün güclü stimuldur.
“Buna baxmayaraq, Kreml Rusiya Silahlı Qüvvələrinin sıralarına könüllülərin cəlb edilməsi üzrə qarşısına qoyduğu məqsədə çətin ki, nail olsun”, – britaniyalılar güman edib. (moderator)