• 23 Noyabr 2024 18:06

Paşinyan üçün Dəmirçyan ssenarisi: Rusiyanın məxfi planı işə düşür – Vacib gəlişmə

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Tacxeber.com olaraq teleqraf.com-a istinadən müsahibəni təqdim edirik:

– Sərdar bəy, Rusiya-Ermənistan gərginliyi hər ötən gün artır. Sizcə, Ermənistan Rusiyadan nəyin acığını çıxmağa çalışır?

– Ermənistan təsadüfən Rusiyaya diş göstərməyib. Fakt odur ki, Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statutu Ermənistan parlamentə göndərilib. Eyni zamanda Ermənistanda ABŞ-ın hərbi təlimlərinin keçirilməsi ilə bağlı razılıq əldə edilib. Bununla yanaşı Rusiya əleyhinə Ermənistan rəhbərləri ardıcıl olaraq bəyanatlar verir. Bu, erməni tərəfinin Rusiyadan gözləntilərini ala bilməməsi nəticəsində baş verir.

– Moskva müttəfiqinin ərköyünlüyünə nə vaxta qədər səbrlə yanaşacaq?

– Əslində başqa bir vaxt olsaydı, Rusiya Ermənistanı daha sərt şəkildə cəzalandırardı. Hətta vaxtilə Dəmirçiyanı güllələtdirdikləri kimi Paşinyana qarşı da ciddi addımlar atıla bilərdi. Amma görünən odur ki, Ermənistandakı vəziyyət Rusiyanı burada ictimai təzyiqlə Paşinyanı neytrallaşdırmağa imkan vermir. Açıq şəkildə silahlı güc tətbiqindən isə Rusiya çəkinir. Ona görə də, proses bir müddət bu müstəvidə davam edəcək.

– Rusiyanın Ermənistanla bağlı planlarında bölgə dövlətləri ilə əlaqələrin təsirini necə dəyərləndirirsiniz?

– Hər şey Azərbaycan-Türkiyə-Rusiya arasındakı razılıqdan asılı olacaq. Əgər Rusiya Qarabağ məsələsində geri çəkiləcəksə, o Ermənistanda öz mövqelərini gücləndirəcək. Əks halda Rusiyanın Azərbaycan və Ermənistanla bağlı eyni mövqe tutması onun Qafqazda vəziyyətini ağırlaşdıracaq.

– Rusiyasız Cənubi Qafqaz anlayışı gündəmə gəlib. Paşinyan da bu məsələdən danışıb. Bu nə dərəcədə real gözləntidir?

– Bununla bağlı tarixdə bir neçə misal var. I Dünya müharibəsində Rusiyanın sələfi məğlub oldu və prosesdən çıxdı. Lenin hakimiyyətə gələndən sonra onlar bu bölgəyə gəlməyə cəhd etdi. İkinci dəfə isə 90-cı illərdə SSRİ dağıldıqdan sonra onların Cənubi Qafqazdan bütün qoşunları çıxmalı oldu. Daha sonra vəziyyət düzəldikdən sonra regiona rus qoşunu gəldi. Bu o deməkdir ki, Rusiyanın daxilində elə bir vəziyyət yaranacaq ki, onlar yenə də əsrin əvvələrində və 90-cı illərdəki kimi Cənubi Qafqazdan çıxacaqlar. Hətta indi Rusiyanın parçalanmasından, iqtisadi cəhətdən çöküşündən, ciddi siyasi hakimiyyət dəyişikliyindən söhbət gedir. Paşinyan da buna işarə edir ki, Rusiyada hakimiyyət radikal şəkildə dəyişərsə, o öz-özünə Cənubi Qafqazdan çıxacaq. Fakt odur ki, ayrı-ayrı bölgələrdə qoşun saxlamaq Rusiya iqtisadiyyatına zərbə vurur. Afrikada, Yaxın Şərqdə, Qafqazda, Ukrayna cəhbəsində vuruşan Rusiya üçün artıq çətinliklər yaranıb.

– Qərbin Rusiya ilə bağlı strategiyasında onun daha tez sıradan çıxması üçün nə kimi planları var?

– Qərb Rusiyanı daha tez parçalamaq üçün onu konfliktlərə cəlb etmək istiqamətində iş aparır. Çünki Rusiya nə qədər çox müxtəlif cəbhələrdə vuruşsa, başqa-başqa yerlərdə hərbi əməliyyatlar aparsa, o daha çox tez çökəcək. Bununla da Rusiyada hakimiyyətin dəyişilməsi üçün də münbit şərait yaranacaq.

– Ermənistanın NATO-ya üzvlüyü ilə bağlı ortaya atılan məsələ nədən xəbər verir? Burada Rusiya ilə bağlı hansı təhdidlər yer alıb?

– Bu əslində tamamilə gülünc məsələdir. Sadəcə olaraq Ermənistanda olan millətçilərə və ruh düşkünlüyü yaşayan ermənilərə mənəvi dəstək vermək üçün bu cür məsələləri gündəmə gətirirlər. Eyni zamanda bu sözü ortaya atan adamın özünün NATO-ya heç bir aidiyyatı yoxdur. Çünki NATO nizamnaməsinə görə, münaqişə olan dövlətin bu təşkilata üzvlüyü mümkün deyil. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadığı təqdirdə o NATO-ya üzv ola bilməz. Həmçinin NATO üzvlərindən hər hansı birinin veto qoyması nəticəsində onun təşkilatla bağlı niyyəti alınmır. Ona görə də, Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq Ermənistanın bu istəyinin baş tutması mümkün deyil.

Tacxeber.com

Oxşar xəbərlər