• 25 Noyabr 2024 09:19

Nizami Orucovdan Samirə Bağırovaya CAVAB: “Son vaxtlar hamınızın bakirəliklə bağlı problemi nədir?

 

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Samirə Bağırova həmkarı Nizami Orucovun onun barəsində “Müsavat TV”yə müsahibəsində səsləndirdiyi “o xanım psixoloq deyil, səhv etmirəmsə, əsaslı psixoloji təhsili yoxdur, məlumatda qeyd edilmişdi ki, sadəcə, psixoloji kömək göstərir” fikirlərinə “belələri bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir” açıqlamasını verib. Onun açıqlaması həmkarı ilə arasındakı gərginliyi daha da artırıb.

Tacxeber.com xəbər verir ki, N.Orucov Samirə Bağırovanın açıqlamasına geniş şərh verib.

“Gəlin, məsələni Nizami Orucov fərqi ilə təhlil edək. Danışanda həmişə istinad gətirirəm, heç bir fikrim cəfəngiyyatdan ibarət deyil. Samirə xanım, məşhur eskperiment var. Bir xanımı səhnəyə dəvət edirlər və ona deyirlər ki, sizin çox eybəcər sarı saçlarınız var. Xanım buna gülür, onun saçları qara rəngdə idi. Davamında xanıma deyirlər ki, siz necə də avamsınız. Xanımın kefi pozulur. Soruşurlar ki, bəs niyə birinci sözə güldünüz? Deyir ki, axı mənim saçlarım sarı deyil, qaradır. Bəs avama niyə pis oldunuz, əgər avam deyilsinizsə… Deməli, xanım daxilində özünü avam hiss edir, söz buna görə ona toxundu. Mən ara-sıra etdiyiniz etiraflara, müəyyən fikirlərə əsasən, “siz psixoloq deyilsiniz” demişəm. Siz isə cavabında cəfəngiyyat dolu hücuma keçmisiniz. Qeyd etmisiniz ki, bakirəlik haqqında xəbər verən yengəyə bənzəyirəm. Soruşmaq ayıb olmasın, son vaxtlar hamınızın bakirəliklə bağlı  problemi nədir? Bildiyiniz qədərilə, Amerikada, Rusiyada, dünyanın bir çox yerlərində bakirə olaraq ailə həyatı quran nə qədər qız olur. Bakirəklikdən niyə tutub buraxmırsınız? “Mən bu adamı tanımıram” deməklə birinci yalana yol verirsiniz. Samirə xanım, mənim səhifələrimdə sizin yazdığınız şərhlər qalır. Həmçinin danışdığım videomövzuları üç həftə sonra sözbəsöz danışdığınız sübutlar da var. Gəlin, millət olaraq öz aramızda səmimi olaq. “Müsahibəsindən sonra mənə video postlarını göstərdilər”. İkinci yalan… Bu məqamda mənə keçmişdə evli olduğum insanı xatırlatdınız. O da mənə həmişə deyirdi ki, sənin videolarına baxmıram, mənə gətirib göstərirlər, deyirəm “yox, göstərməyin…” Samirə xanım, siz “first lady” deyilsiniz. Birinci xanıma videoları kimsə göstərir, məruzə edən, məlumat verən var. Əziz xanımlar, bu eqodan, türk seriallarından yaranan obrazlardan artıq çıxın. “Mənə gətirib göstərdilər…” Əlinizdəki telefonla məni 1 il yarımdan çoxdur ki, izləyirsiniz. “Ona mənfi şərh bildirənləri “tupoy”, “axmaq”, “kasıb” adlandırması, sözün düzü, məni təəccübləndirdi”. Üçüncü yalan. Mən heç vaxt mənə şərh bildirənlərə bu sözləri işlətməmişəm. Cəmi bir dəfə olub. “Tupoy”luğu heç vaxt bağışlaya bilmərəm. “Psixopatiya” sözünün yazılışını bilməyən ali təhsilli jurnalistin çıxıb mənə hücum etməsi gülməli gəldi. “Salam, kasıblar” deyə müraciət etmişəm ki, Azərbaycan millətinin müəyyən təbəqəsi kasıb düşüncədən çıxsın. Ard-arda haqqımda yalanlar… Olsun.

“Təhsil, diplom savadlı olmaq deyil”. Yox, savadlı olmağın əsaslarından biridir. Sizin psixoloq kimi əsas təhsiliniz, psixoloq kimi diplomuz nədir? Bu sual, təbii ki, açıq qalacaq.

“Bu şəxs mühafizəkar cəmiyyətin üzvüdür”. Bəli, tamamilə doğrudur. Axır ki, bir cümlədə doğruluğa rast gəldik. Mühafizəkar insanam və bunda bir qəbahət görmürəm. İnsan mühafizəkar olmalıdır, onun mühafizə etməli olduğu dəyərləri var. Namus, qeyrət, şərəf, mənlik, vicdan, hörmət, sevgi, halallıq… Sadalamaqla bitirmək olmaz. Siz bunlara qarşısınız? Bakirəlik mövzusunda mövqeyinizi bilmirəm, siz nələrə qarşısınız? İnsan insan olmalıdır, donuz yox. Bir tərəfdən deyirsiniz ki, efir maneralarına diqqət etmirəm, digər tərəfdən isə deyirsiniz ki, cəmiyyətin standart qəbullandığı psixoloq yanaşmam var – klassik köynək, şalvar, eynək… Mən bu mövzularda ölkədə bütün standartları aşmış ilk və yeganə psixoloqam. Şortikdə, dənizdə, suyun içində, hovuzda, hamamda, yorğanın altında videolarım olub. İnsanlara göstərməyə çalışmışam ki, obraza girən yalançı psixoloqlara inanmasınlar. Çünki bəzilərinin qəbuluna gedəndə onlar istər qadınlara, istərsə də kişilərə çox anormal məsləhətlər verə, səhv şeylər öyrədə bilərlər. Yalan-yalan üstündə – həm məni efir maneralarına riayət etməməkdə günahlandırır, həm də klassik standart obrazda olduğumu deyirsiniz. Təhlilinizdən nə qədər böyük təcrübəyə malik olmadığınız görünür.

“Məsələ məhkəməyə qədər uzana bilər”. Mənə hədə-qorxu gəlməyə ehtiyac yoxdur. Məhkəmə orda, vəkillər orda… Mən də sizi sosial məhkəməyə dəvət edirəm. Çıxaq, siz mənə psixologiyadan 100 sual verin, mən isə sizə psixologiyadan 1 sual. Göydə Allaha, yerdə öz ağlıma söykənən bir insanam. Heç nədən, heç kimdən qorxmuram. Həmişə haqqın yolunu axtarır, haqqın yoluna dəvət edirəm. Siz də bir həmvətənlimizsiniz. Səmimi olmağa dəvət edirəm. Yalana, manipulyasiyaya, riyakarlığa ehtiyac yoxdur. Hamımız bunlardan uzaq olsaq, cəmiyyətimizi, millətimizi, dövlətimizi daha da yüksəyə qaldıra bilərik.

“Təhsilimlə bağlı şübhəsi olanlar isə samirabagirova.az saytından məlumat əldə edə bilərlər”. Ölməmişəm ki, baxdım. Bakı Qızlar Universiteti filologiya fakültəsi, Milli Aviasiya Akademiyası – hansı ixtisas, qeyd edilməyib, Draqomanova adına Universitet – psixologiya, “sosialogiya” və idarətetmə fakültəsi, magistr dərəcəsi. Samirə xanım, “sosiologiya” sözü elə yazılmır. Saytda “sosialogiya” yazılıb. İxtisasın daxilindəki sözdə çox ciddi səhvə yol verilib. Bu ixtisas nədən ibarətdir, tam anlamıram, amma olsun. Camaat, səmimi olaq. Səmimi, dürüst və cəsarətli. Açıq fikirlərə yer verilməlidir ki, bu cəmiyyət oyana bilsin. Hörmətlə…”

Tacxeber.com

Oxşar xəbərlər