• 25 Noyabr 2024 15:44

Mətanət ilk sevgisindən DANIŞDI: “Bir-birimizə qovuşmasaq da…”

Mətanət ilk sevgisindən DANIŞDI:  “Bir-birimizə qovuşmasaq da...”

“9-cu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəbəri yox idi. Ötəri sevgi idi. Hər zaman öz-özümə deyirdim ki, qoy, ona baxım, o, heç mənim balaca gözlərimi görməyəcək (gülür). Çünki uşaqlıqda elə bilirdim ki, gözlərim çox balacadır. Bu sevgidən onun xəbəri olmadı. Allahla mənim içimdə oldu”. 

Tacxeber.com Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Gündən-günə” verilişində deyib.

17 yaşında “dəli eşq”indən söz açan sənətçi etirafları ilə diqqət çəkib.

M. İsgəndərli bildirib ki, qarşı tərəfə olan sevgisini göstərdiyi xoş olmayan hərəkəti ilə birdəfəlik özündən uzaqlaşdırıb:

“Növbəti sevgim isə 17 yaşımda oldu. Bu sevgidən isə az qalırdı başıma hava gəlsin. Dəli kimi sevirdim. Hiss edirdim ki, o da məni sevir. Çünki hissiyyat məndə çox güclüdür. Yatırdım, yuxularıma girirdi. Heç kimə də içimdə bu sevgini danışmırdım. Dəli kimi gəzirdim. Elə gözəl hissdir ki… O da mənimlə eyni yaşda idi. Bir il keçdi. O, hərbi xidmətə getmək üzrə idi. Günlərin bir günü mənə yaxınlaşdı.

İstədi ki, dərdini (sevgisini etiraf etmək – red.) mənə desin, mən isə ona “sifət” göstərdim. Yaxınlaşıb sual verdi ki, “Sən məni tanıyırsan?” Cavab verdim ki, “Səni tanımıram, tanımaq da istəmirəm. Rədd ol buradan”. Nənəm “Dağlı məhəlləsi”ndə böyümüşdü. O bizə öyrətmişdi ki, gördünüz ki, “gədələr” (oğlanlar – red.) sizə yaxınlaşır, daşı əlinizə götürün, çırpın təpələrinə”. Həmin an nənəmin sözləri yadıma düşdü.

Söylədim ki, “Buradan rədd ol” və başladım daş axtarmağa. Yazıq oğlan bir günə düşdü ki, çıxıb getdi. Sonra gəlib evdə nə qədər ağladım. Özümə dedim ki, başına daş düşsün, axı sən nə etdin. Bir il bu oğlanın dərdindən dəli-divanəsən… Sən nə etdin…

Əslində, mənə yaxınlaşıb demək istəyirdi ki, 2 gündən sonra hərbi xidmətə gedirəm, anam gəlsin, səninlə danışsın. Sən də otur, məni gözlə. Ona görə də insan heç vaxt ilk məhəbbətinə qovuşmur. Çox əziyyət çəkdim. Heç zaman yadımdan çıxmır”.

Mətanət bildirib ki, ilk məhəbbətinə qovuşa bilməsə də, uzun illərdən sonra onun övladının toyunda çıxış edib:

“O insan dünyasını dəyişib. 3 dəfə ailə qurub. Allah rəhmət eləsin. Biz onunla bir müddət bir yerdə işlədik. Deməyəcəm harada… Hər gün onu görürdüm. Bir-birimizdən xəbərsiz sevmişik. İlk məhəbbətinə qovuşmadığına görə, onun da həyatı “gətirmədi”. Amma o, sağ ikən övladının toyuna məni dəvət etdi, gedib məclisdə çıxış etdim. Onu toyda doğma insan kimi görürdüm”.

Tacxeber.com

Oxşar xəbərlər