• 25 Noyabr 2024 12:35

“Karantin rejimi qaçılmaz olacaq” – Məşhur həkimdən XƏBƏRDARLIQ

“Karantin rejimi qaçılmaz olacaq” - Məşhur həkimdən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında COVID-19 dalğasının hələ də davam etməsini – yoluxma hadisələrinin sayının artmasına görə virusun “Eris” ştammını yeni variant kimi elan edib. Omikronun alt variantı ilə əlaqəli olan EG.5 ştammının sağlamlıq riski hazırda qiymətləndirilir. Qurumun rəsmiləri bu ştammın böyük infeksiya dalğasına səbəb ola biləcəyini istisna etmirlər. 

İnfeksionistlər bu virusdan qorunmaq üçün maska taxmağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı tövsiyyə edirlər. Bu isə hazırkı vəziyyətdə demək olar ki, mümkünsüzdür.

Bəs Azərbaycanda insanlar özünü bu virusdan necə qoruya bilər? Doğurdanmı “Eris” ştammı deyildiyi qədər təhlükəlidir?

Virus ölkədə yayılarsa, yenidən karantin rejimi tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Yenisabah.az-a danışıb.

O, bildirib ki, bu infeksiyaya yoluxub-yoluxmamaq tamamilə immun sisteminin gücünə bağlıdır:

“Deyilir ki, koronovirusun “Eris” ştammı dəhşətlidir. Ümumiyyətlə, insan bədəninə belə yanaşmaq doğru deyil. Elə insan var ki, ona adicə bir külək belə xəstələnmək üçün bəs edir. Bu, bədənin immun sisteminin gücündən asılıdır. İmmun sistemi güclü olduqda insan bədəninə xaricdən, yaxud daxildən olan müdaxilələri zəiflədir, yəni bədən özünü qoruya bilir. Bədənin özünü qoruya bilməsi üçün insanın bədəninin təbiətlə əlaqəsi olmalıdır. Təmiz qida, təmiz su içmək lazımdır, şərt deyil ki, çox bahalı qidalar alasan. əsas olan təmiz məhsullarla qidalanmaqdır. Unu, yağı, südü, suyu, havası təmiz olan insana xəstəliklər güc gələ bilmir, bədən istənilən xəstəliyi asanlıqla ötürə bilir. Amma bu gün dünyanı idarə edənlər ekologiyanı elə vəziyyətə salıblar ki, ekoloji mühit həddindən artıq pisdir, keyfiyyətsiz qidalar, dərmanlar hər yerdədir. Nəticədə insan bədəni gücdən düşür və yanından yel əsəndə də xəstələnir.

Bu cür xəstəliklərin yaranmasına səbəb məhz insanlardır. Gözləri doymayanlar dünyamızı bu günə salıblar. Bu cür ekoloji natarazlıqda istənilən xəstəlik yarana bilər.

Digər səbəb isə laboratoriyalarda yaradılan viruslardır ki, hər ikisi insan əməlinin nəticəsidir”.

Həkim virusdan qorunmaq üçün insanlara bəzi məsləhətlər verib:

“Çıxış yolları var, məsələn, xaricdən Azərbaycana keyfiyyətsiz qidalar gətirməyək, gələndə də gigiyenik qaydaları qoruyaq. Artıq payız gəlib, havalar soyuyub, Bakı isə küləklər şəhəridir, hər şeydən əvvəl biz özümüzü qorumalıyıq. Gigiyena qaydalarına mütləq riayət etmək lazımdır. Siqaret kötüklərini yerə atmamalıyıq, öskürəndə, asqıranda ağzımızı tutmalıyıq. Yerə tüpürməməli, tüpürəndə də ən azından ayağımızla onu ayaqlamalıyıq. Bunlar elementar qaydalardır. Əgər bunlara riayət etsək,  xəstəlikləri də yüngül keçirərik. Dünyanı anormal insanlar idarə etdiyinə görə, xəstəliklər çoxalır, bu həkimlərin günahı deyil! Həkim iki şeyə cavabdehdir: diaqnoz qoymaq və həmin diaqnoza uyğun dərman yazmaq. Keyfiyyətlə bağlı məsələlərə həkim cavabdeh deyil”.

O, bildirib ki, əgər insanlar deyilən qaydalara riayət etməsə virus daha da yayılacaq və karantin rejimi qaçılmaz olacaq:

“Təbii ki, immun sistemimizin qeydinə qalmasaq, çağırışlara əməl etməsək,  xəstəlik daha da artacaq. Bu, virusdur, bir yerdə dayanmır və yayılır. Belə olarsa, təbii ki, karantin rejiminə keçəcəyik. Əgər gigiyenik qaydalara,həkimlərin göstərişlərinə əməl etsək, ölkədə karantinə də ehtiyac qalmaz”.

Tacxeber.com

Oxşar xəbərlər